Rusiya rəsmisinin Ermənistanı təhdidi nə ilə nəticələnə bilər? - AÇIQLAMA

Rusiya rəsmisinin Ermənistanı təhdidi nə ilə nəticələnə bilər? - AÇIQLAMA

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Rusiya Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakından son dərəcə təəssüflənir. “Təhlükəsizlik sahəsindən danışarkən vurğulamaq istəyirəm ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalır və hərbi və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərin iştirakçısıdır”, - o vurğulayıb. Onun sözlərinə görə, Ermənistan Vaşinqtonda keçirilən bu hərbi-siyasi blokun sammitində iştirakdan başqa, NATO standartlarının həyata keçirilməsi, silahların alınması və ya birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi baxımından NATO və ya alyansın ayrı-ayrı üzvləri ilə qarşılıqlı fəaliyyəti artırmağa üstünlük verir.

 

Qaluzin əlavə edib ki, İrəvan bununla öz təhlükəsizliyinə də zidd olaraq Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə gərginləşdirmək riskini daşıyır: “Düşünürəm ki, Ermənistanda bilikli mütəxəssislər və siyasətçilər belə ehtiyatsız addımların mümkün nəticələrini başa düşürlər”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, əslində Qaluzinin bu fikirləri Ermənistana açıq-aydın təhdiddir:

 

“Bu gün Ermənistan faktiki olaraq Qərblə Rusiya arasında qalıb. ABŞ, Fransa kimi dövlətlər bütün imkanları ilə çalışırlar ki, Ermənistanı öz tərəflərinə çəksinlər, asılı vəziyyətə salsınlar. Bu, perspektivdə Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının zəifləməsi deməkdir.  Həm Qərb, həm də Rusiya bölgədəki təsir imkanlarını Ermənistan vasitəsilə təmin etməyə çalışır. Çünki regionun ən zəif bəndi məhz İrəvandır. Yəni bu oyunçuya təsir etmək, onu idarə etmək daha asandır. Ermənistanın Qərblə əlaqələrini inkişaf etdirməyə davam etməsi, o cümlədən NATO ilə artan əlaqələr, ABŞ ilə birlikdə keçirilən ortaq hərbi təlimlər onu deməyə əsas verir ki, İrəvan mövcud siyasətini gələcəkdə də davam etdirməkdə israrlıdır”.

 

Şərhçinin  sözlərinə görə, Ermənistan Qərblə Rusiya arasında faktiki olaraq siyasi poliqona çevrilib: 

 

“Gələcəkdə Ermənistanın Ukraynanın taleyini yaşaması, yəni həbi poliqona çevrilməsi də mümkündür. Hər halda proseslər buna doğru gedir. Belə ki, Ermənistan Qərbin təhriki ilə Rusiyanın “damarına basmağa davam edir”. ABŞ-nin təhrikləri dünyanın bir çox regionlarında, o cümlədən Şərqi Avropada ciddi kataklizmlərə səbəb olur. 2020-ci ildə ABŞ Ukraynanı Rusiyaya qarşı təhrik edərək bölgəni cəhənnəmə çevirdi. Bu gün isə eyni ssenarini Cənubi Qafqazda təkrarlamağa çalışır. Əslində Ermənistan hakimiyyəti özü də reallıqları anlayır. Amma bu gün Ermənistanın ABŞ-dən asılılığı bu dövlətin müstəqil addım atmasına imkan vermir. Ermənistan NATO ilə əlaqələrini davam etdirərsə, bu, Rusiyanın ciddi addımları ilə nəticələnə bilər”.

 

Günay  
 


OXŞAR XƏBƏRLƏR