"Dörd anklav kəndlə bağlı məsələ bu halda həllini tapa bilər" - AÇIQLAMA

“Azərbaycanla Ermənistan arasında dörd anklav kəndlə bağlı məsələlər sülh müqaviləsi prosesində öz həllini tapa bilər”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, dörd anklav kəndlə bağlı mübadilə baş tuta bilər:
“Faktiki Ermənistan ərazisində ada vəziyyətində olan dörd kənddə infrastruktur layihələri icra etmək və əhalini ora köçürmək strateji cəhətdən risklidir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanda Azərbaycanla sülh müqaviləsinin bir aya bağlanmasının mümkünlüyünü qeyd edib. Ermənistan rəhbərliyi dəfələrlə bu tezisi gündəmə gətirir. Bununla beynəlxalq ictimaiyyətə sülhə hazır olduqlarını nümayiş etdirirlər. Halbuki, sülh müqaviləsinin bağlanması Ermənistan konstitusiyasına ziddir”.
Ekspert xatırladıb ki, Prezident İlham Əliyev Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmayana qədər sülh müqaviləsinin bağlanmasının mümkün olmayacağını bəyan edib: “Amma baza prinsipləri əsasında çərçivə sazişinin imzalanması mümkündür”.
Günay