Türkiyə ilə Suriya arasında gərginlik yaradan azyaşlıya təcavüz təxribatı nəyə hesablanıb? - AÇIQLAMA

Türkiyə ilə Suriya arasında gərginlik yaradan azyaşlıya təcavüz təxribatı nəyə hesablanıb? - AÇIQLAMA

Ötən günlərdə Kayseri bölgəsində suriyalı qaçqının azyaşlı qıza təcavüz etməsi iddialarından sonra Türkiyəni etirazlar bürüyüb. Buna cavab olaraq isə Türkiyə ordusunun Suriyadakı mövcudluq zonası boyu nümayişlər başlayıb. Suriyanın şimalındakı bir sıra yaşayış məntəqələrində nümayişçilər Türkiyə bayraqlarını cırıb, yerli hakimiyyət orqanlarına və türk işçilərə hücum edib, şüşələri sındırıb, onlara məxsus yük və minik avtomobillərinə atəş açıblar. Yaranmış vəziyyətdə Türkiyə ordusu iğtişaşları yatırmaq üçün Suriyanın şimalına əlavə qüvvələr göndərmək qərarına gəlib.

 

Türkiyə-Suriya arasındakı son gərginliklərlə bağlı Sfera.az-a açıqlama verən Yaxın Şərq ölkələri üzrə siyasi analitik Vüqar Zifəroğlunun sözlərinə görə, baş verənlərin miqyası, mütəşəkkilliyi onu deməyə əsas verir ki, olanlar yaxşı düșünülüb və əvvəldən planlaşdırılıb, Kayseri olayları isə sadəcə bəhanədir:

 

“Son dövrlərdə Türkiyə ilə Əsəd arasında buzların əriməsi prosesi və proses çərçivəsində Rusiya ilə razılaşmalar və yaxınlaşmalar baş verirdi. Eyni zamanda qeyri-rəsmi məlumatlara görə, Türkiyə-Suriya münasibətlərinin normallaşması məqsədilə yaxın vaxtlarda Bağdadda görüş nəzərdə tutulurdu. Baș verən hadisələr isə bu prosesləri ertələyə, hətta ciddi əngəl yarada bilər. Nəzərə almaq lazımdır ki, həmin əraziləri Türkiyə Silahlı Qüvvələrinin yardımı ilə nəzarətdə saxlayan və Əsəd rejiminə müxalif olan Azad Suriya Ordusudur. Bu həmin ASO-dur ki, ABŞ tərəfindən tam dəstəklənir və mümkün Ankara-Dəməşq dialoqunun qurulması nə Vaşinqtonun, nə də dəstəklədiyi qüvvələrin maraqlarına cavab verir. Yəni yaşananlar həm də Ankaraya bir təzyiqdir”.

 

Ekspert bildirib ki, baş verən hadisələr eyni zamanda Türk ordusu tərəfindən son günlərdə İraqın şimalında ciddi zərbələr alan PKK və ona yaxın olan bölücü kürd terror qruplaşmalarının da marağındadır:

 

“Türkiyənin Suriyanın şimalından çıxması bölücü terror qruplaşmalarına  (Suriya - YPG, İran – PJAK) həmin ərazilərə sızma üçün münbit zəmin hazırlaya, eyni zamanda türk silahlı qüvvələrinin qonşu İraqın şimalında apardıqları əməliyyatların effektivliyini azalda bilər. Digər tərəfdən, proseslərə təkan verən hadisə - Kayseridə baş verən təcavüzlə bağlı türk sosial şəbəkə istifadəçiləri arasında yayılan məlumatda azyaşlının türk olduğu yalanı, Suriyada isə əksinə, təcavüzkarın türk, zərərçəkənin suriyalı uşaq olduğu haqqında təxribat xarakterli paylaşımlardır. Bununla da hər iki tərəfdə proses başlayıb. Yəni Türkiyəyə faktiki olaraq hibrid savaşın elementi tətbiq edilib və burada əsas silah məhz sosial media olub. Bu bir daha onu sübut edir ki, sosail media olduqca ciddi təsir gücünə çevrilir. İnformasiya müharibəsində, hibrid savaşda o, olduqca ciddi, hətta dağıdıcı gücə malik alət olaraq qalır”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR