Trampın prezident seçilməsi NATO və Ukraynanın taleyini necə dəyişəcək? - AÇIQLAMA

Trampın prezident seçilməsi NATO və Ukraynanın taleyini necə dəyişəcək? - AÇIQLAMA

Ağ Evin sabiq rəhbəri Donald Trampla bağlı səs-küylü iddialar dünya mediasının əsas gündəm mövzularından biridir. Əksəriyyət düşünür ki,  qarşıdan gələn prezident seçkilərində Tramp qalib gəlsə, ABŞ NATO-nu zəiflədə bilər. Yenidən ən yüksək dövlət vəzifəsi uğrunda mübarizə aparan Donald Tramp da alyansın fəaliyyətindən narazılığını bildirib. O, noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə, Avropa tərəfdaşlarını öz təhlükəsizlikləri üçün daha çox maliyyə məsuliyyəti daşımayacaqları təqdirdə ABŞ-nin Şimali Atlantika Alyansından çıxması ilə təhdid edib.

 

Trampın qələbəsi NATO-ya necə təsir edə bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzovun sözlərinə görə, hazırda keçirilən sorğular onu deməyə əsas verir ki, Co Baydenin reytinqi getdikcə azalır və ölkədə ona olan inam zəifləyib:

 

“Baydenə etimadın azalmasının bir səbəbi onun yaşı və davranışlarındakı qeyri-adiliklərdirsə, digəri ölkənin daxili və xarici siyasət kursundakı uğursuzluqlardır. Trampın hakimiyyəti dövründə ABŞ ilə Rusiya arasındakı münasibətlər indiki qədər radikal deyildi. Əksinə, o zaman rəsmi Vaşinqton Moskva ilə münasibətləri mümkün qədər qorumağa çalışırdı. Bayden hakimiyyətə gələndən sonra isə vəziyyət dəyişdi.  Bunu nəzərə alaraq deyə bilərik ki, Tramp yenidən qalib gələrsə, ABŞ ilə NATO arasındakı münasibətlərdə problemlər yarana bilər”.

 

Siyasi şərhçi bildirib ki, rəsmi Vaşinqtonun NATO-nun Rusiya ilə bağlı siyasətini dəstəkləməməsi mümkündür:

 

“Bu isə perspektivdə NATO-nun zəifləməsinə və parçalanmasına səbəb ola bilər. Tramp əvvəllər dəfələrlə deyib ki, o, bir sutkaya Ukraynadakı müharibəni bitirə bilər. Çox güman ki, bu, rəsmi Kiyevə dəstəyin azaldılması və ya tamamilə dayandırılması ilə mümkün olacaq. Əgər seçkilərdə Tramp qalib gələrsə, onda hazırda davam edən böhranlar daha da güclənəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR