Ceyhun BayramovŞalva Papuaşvili ilə GÖRÜŞDÜ - YENİLƏNDİ

Ceyhun BayramovŞalva Papuaşvili ilə GÖRÜŞDÜ - YENİLƏNDİ

27 iyun 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.


Sfera.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında tarixi dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və bu xüsusda ali səviyyədə təşəkkül tapan qarşılıqlı hörmət və etimada əsaslanan fəal siyasi dialoqun əhəmiyyəti vurğulanıb.

 

Görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat və bir sıra digər strateji əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

İki ölkə arasında uğurlu əməkdaşlığın nümunələri olan irimiqyaslı neft və qaz boru kəmərlərinin və Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasının regional inkişaf, sülh və sabitliyə töhfə verdiyi vurğulanıb. Bununla yanaşı, “Yaşıl Enerji” koridoru üzrə aparılan işlər və birgə layihələrin icrası məsələləri nəzərdən keçirilib.

 

Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi ilə bağlı görülən işlərin hər iki ölkənin ərazisindən keçən nəqliyyat dəhlizinin səmərəliliyinin, rəqabət qabiliyyətinin və tranzit potensialının artırılması baxımından əhəmiyyəti qeyd olunub.

 

Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin keçid həcminin artırılmasından sonra yolun tam gücü ilə işləməsi və yük daşımalarının artırılmasından məmnunluq ifadə olunub.

 

Nazir Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi ilə əlaqədar həyata keçirilən işlər barədə məlumat verib və COP29 çərçivəsində iki ölkə arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.

 

Nazir Ceyhun Bayramov həmçinin post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə məlumat verib.

 

Tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

***
 

18:15

 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.


XİN-dən Sfera.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq gündəliyində duran məsələlər, parlamentlərarası əməkdaşlığın perspektivləri, habelə regionda cari vəziyyət müzakirə olunub.

 

İki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, energetika, nəqliyyat və kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə strateji tərəfdaşlıq xarakteri daşıyan qarşılıqlı faydalı əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb. “Orta Dəhliz” üzrə işlərin və birgə əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

 

Bununla yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə arasında həm xarici işlər nazirləri, həm də Parlamentlər səviyyəsində üçtərəfli format çərçivəsində birgə səylərin genişlənməsinin vacibliyi vurğulanıb.

 

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud çoxşahəli əməkdaşlıq gündəliyinin inkişafında parlament diplomatiyasının, parlament sədrləri və nümayəndələrinin qarşılıqlı səfərlərinin, dostluq qrupları arasında geniş əməkdaşlığın əhəmiyyətli rol oynadığını qeyd edib.

 

İki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın xalqlarımız arasında mövcud dostluq və mehriban qonşuluq münasibətlərinə verdiyi töhfə müsbət qiymətləndirilib.

 

Cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə məlumat verən nazir Ceyhun Bayramov, COP29 çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanların yarandığını diqqətə çatdırıb.

 

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesi barədə məlumatlandırılıb.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazir Ceyhun Bayramov həmçinin Parlamentin fəxri qonaqları kitabına ürək sözlərini yazıb.


OXŞAR XƏBƏRLƏR