Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür

Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür

Bu gün - iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür.

 

Sfera.az xartırladır ki, 1918-ci ilin iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə Milli Ordunun yaradılmasına başlanılıb. Bu gün həmin qərarın qəbul edilməsindən 106 il ötür.

 

 

Nazirlər Şurasının qərarına əsasən, ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Bu qərar Ordunun yaradılmasının hüquqi əsasını təşkil edib. Həmin dövrdə Şərqin müsəlman aləmində Azərbaycan ilk demokratik ölkə idi ki, özünün milli ordusunu yaradırdı.

 

Azərbaycanın Milli Ordusu 1920-ci ilin aprelində, Rusiyanın işğalından sonra ləğv edildi. Milli Ordumuz Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Ali Sovetinin qərarı ilə yenidən formalaşdırıldı.

 

 

Dövlət müstəqilliyinin bərpasından sonra yaradılan Ordu şərəfli yol keçib. Milli Ordu yeni yaradılanda Azərbaycan torpaqlarının bir hissəsi işğal edilmişdi və işğal prosesi davam edirdi. Ordunun qarşısında dayanan əsas vəzifə torpaqlarımızın işğaldan azad edilməsi, dövlətin suverenliyinin təmin edilməsi idi.

 

Azərbaycan Ordusu bu məqsədə uyğun olaraq formalaşdırıldı, gücləndirildi və 31 ildən sonra öz hədəfinə çata bildi.

 

Azərbaycan Milli Ordusunun taleyinə ilk gündən müharibədə iştirak etmək düşdü. 1990-cı illərin əvvəllərində torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi yeni yaranan Ordunun müharibə şəraitində formalaşdırılmasını tələb edirdi. Bütün çətinliklərə baxmayaraq çağırışçılar, eləcə də könüllülər hesabına döyüşkən Ordu yaradıldı və bu Ordu 1994-cü ilin mayına qədər, imzalanan atəşkəs razılaşmasına kimi düşmənə qarşı güclü müqavimət göstərdi.

 

 

1991-1994-cü illərdə baş verən Birinci Qarabağ müharibəsində Ordumuz 10 mindən çox şəhid verdi, 30 mindən artıq insan isə yaralandı.

 

Atəşkəs razılaşmasının əldə edilməsi dövlətə imkan verdi ki, Ordunun formalaşdırılması işini daha peşəkar təşkil etsin, silahlı qüvvələrdə nizam-intizam səviyyəsini gücləndirsin. Azərbaycan iqtisadiyyatının böyüməsi, dövlət büdcəsinin imkanlarının artması, xarici əlaqələrin genişləndirilməsi hesabına Ordumuzun maddi-texniki təminatı yaxşılaşdırıldı. Ordumuz müasir silahlara sahib oldu, keçirilən təlimlərlə döyüş təcrübəsi artırıldı.

 

Məhz bunların sayəsində 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-da başa çatan İkinci Qarabağ müharibəsində Ordumuz 1990-cı illərin əvvəllərində işğal edilən ərazilərin böyük hissəsini azad edə bildi. Güclü Ordu qısa müddətdə 5 şəhəri, 4 qəsəbəni, 286 kəndi və 130 km-lik Azərbaycan-İran sərhəddini təşkil edən ərazini işğaldan azad etdi.

 

 

İkinci Qarabağ müharibəsi 44 gün davam etdi və noyabrın 10-da imzalanan üçtərəfli atəşkəs bəyanatı ilə başa çatdı. Uğurlu döyüşlərdən sonra da Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri qalırdı. Bəyanatın tələbinə əsasən həmin birləşmələr tədricən Azərbaycan ərazisindən çıxarılmalı idi.

 

Amma Ermənistan tərəfi bəyanatın tələblərinə əməl etmədiyindən Azərbaycan Ordusu 2023-cü ilin sentyabrın 19-da Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdirildiyi ərazidə birgünlük antiterror əməliyyatı həyata keçirdi. Milli Ordunun yüksək peşəkarlıqla icra etdiyi əməliyyat nəticəsində Azərbaycan torpaqları işğaldan tam azad edildi və dövlət suverenliyi ölkə ərazisində tam təmin edildi.

 

 

Bu gün Azərbaycan Ordusu dünyanın tam komplekstləşdirilmiş, yüksək döyüş təcrübəsinə sahib ordularından biridir. Milli Ordu sahib olduğu gücü və imkanları ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə, qorumağa tam qadirdir.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR