"Polislərin qətli göstərdi ki, cinayətkarlıqla mübarizədə..." - Ceyhun Məmmədov

“Polisə atılmış güllə dövlətçiliyimizə qarşı addımdır və bu cinayətdə əli olan hər kəs ciddi şəkildə cəzalandırılmalıdır”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında çıxışı zamanı deputat Ceyhun Məmmədov deyib.
Millət vəkili bildirib ki, əhalidə olan qanunsuz silahlarla da bağlı sərt addımların atılmasına və tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var:
“Məlum olduğu kimi, dünən Xəzər rayonunda 3 polis əməkdaşı axtarışda olan cinayətkar tərəfindən qətlə yetirildi. Bir daha həyatının itirən polislərimizin ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik. Hər kəsə məlum olduğu kimi, bu gün Azərbaycanda asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanları müstəsna əhəmiyyətə malikdir. Onu da qeyd etməliyik ki, həm birinci, həm də ikinci Qarabağ müharibəsində Azərbaycan polisi torpaqlarımızın müdafiəsində fəal iştirak edib. Azərbaycan torpaqlarını işğaldan azad etmək uğrunda müharibənin ilk günündən çoxlu sayda şəhid verib. Bu gün də Azərbaycan polisi işğaldan azad olunmuş ərazilərdə asayişin təmin olunması üçün çalışır”.
Deputat qeyd edib ki, Azərbaycan təhlükəsizlik baxımından dünyanın ən güvənilən ölkələrindən birinə çevrilib, lakin dünən baş verən hadisə cinayətkarlıqla mübarizədə daha sərt addımların atılmasını zəruri edir.
Sonda C.Məmmədov illər öncə Azərbaycanda ləğv olunmuş ölüm hökmünə diqqət çəkib:
“Proseslər göstərir ki, bəzi cinayətlərin qarşısının alınması üçün bəzi hallarda ölüm cəzası daha effektivdir. Dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmalıyıq. Təcrübə göstərir ki, bu insanlar həbsdən azad olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə olduğu halda onların cəza törətmək ehtimalı daha çoxdur”.
Firuzə Əliyeva