“VI çağırış Milli Məclisi üzərinə düşən dövləti və milli vəzifələri uğurla yerinə yetirdi" - Zahid Oruc

“VI çağırış Milli Məclisi üzərinə düşən dövləti və milli vəzifələri uğurla, ləyaqət və fədakarlıqla yerinə yetirdi”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında deputat Zahid Oruc deyib.
“8 noyabr Zəfərimizi əbədiləşdirən qərar layihələri, Vətən müharibəsinin qəhrəmanlarının yüksək orden və medallarla təltifinə dair prezident təşəbbüsləri, “Böyük qayıdış”a dair hüquqi aktlar məhz hazırki parlamentin aktivinə yazıldı. Pandemiya ilə eyni vaxtda fəaliyyətə başlayan və hazırda dünyada ölkəmiz əleyhinə siyasi epidemiyaya çevrilən qüvvələrə qarşı da məhz hazırki qanunvericilik hakimiyyəti siyasi sipərə çevrildi. Ona görə də yeni legitim qanunverici orqanın formalaşması ilk növbədə, xalqımızın yüksək gözləntilərini doğruldacaq, dövlət rəhbərinin inaqurasiya mərasimində bu salonda “bizə qarşı hücumlar güclənəcək” çağırışına cavab olacaqdır”, - millət vəkili bildirib.
Deputat yeni parlamentin ictimai-siyasi palitranı özündə dolğun əks etdirməklə yanaşı, ən başlıcası, xalqın alternativ ideya və düşüncələrini təmsil edəcəyinə, Qarabağdan sonra yeni milli ideologiyanın formalaşdırılmasına töhfə verəcəyinə inandığını qeyd edib:
“Hazırda dünyada yalnız hərbi, siyasi-iqtisadi deyil, həm də idarəçilik böhranı var. Ləyaqətli kadrlar, insan amili bütün formasiyalarda idarəçiliyin bir nömrəli məsələsidir. Ona görə də yeni seçkilərdə əsas şüarlar, “Qələbəni möhkəmləndir” və “ən böyük sərvət insandır”, devizidir. Qurulucaq yeni Parlamentdə hərbi meydanlarda həyatını verən gənclərin elm, diplomatiya, beynəlxalq siyasət və digər səngərlərdə nəsil, əqidə yoldaşlarının daha çox təmsil olunacağına inanırıq. Müharibədə qalib gələn millət seçkilərdə də qələbə qazanacaqdır!”
Firuzə Əliyeva