Rusiyaya qarşı 14-cü sanksiya paketinə Almaniya MANE OLUR

Almaniyanın Rusiya ilə bağlı son addımı səs-küy yaradıb.
Sfera.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunub ki, Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı konsensusa gələ bilməyib.
Aİ diplomatlarının agentliyə verdikləri açıqlamaya görə, problem Almaniyadan qaynaqlanıb. Belə ki, rəsmi Berlin mübahisəli bəndin istisna edilməsinə baxmayaraq, yeni məhdudiyyətlərə qarşı çıxmaqda davam edib.
“Aİ ölkələri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmədilər, çünki Almaniya bloklayıcı qüvvə olaraq qalır” – diplomatlar bildirib.
Qeyd edək ki, Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) tranzitinə qadağa və üçüncü ölkələrdə onların törəmə şirkətləri və tərəfdaşları tərəfindən sanksiyaların pozulmasına görə yeni məhdudlaşdırıcı tədbirlərlə bağlı müzakirələr bir aydan artıqdır ki, davam edir. Lakin yeni sanksiyaların tətbiqi məsələsində hələ də birliyə nail olmaq mümkün olmayıb. Törəmə müəssisələrin malların Rusiyaya təkrar ixracını və onun ərazisində istifadəsini qadağan etmək öhdəliyini nəzərdə tutan, əvvəllər təklif olunan bənd paketdən çıxarılıb. Buna baxmayaraq, Almaniya yeni tədbirlərin qəbulunu əngəlləməkdə davam edir.
Xatırladaq ki, sanksiyalar paketi ilə bağlı müzakirələr bu gün - Aİ səfirlərinin növbəti görüşündə də davam etdiriləcək.
Günay