"Heydər Əliyevin xatirəsi Azərbaycan durduqca yaşayacaqdır" - Azər Badamov

“Müasir, müstəqil Azərbaycan dövləti iki əsas üzərində inkişaf edir. Birinci əsas sovetlərin dağılması ilə yenidən müstəqilliyə qovuşmağımız olmuşdursa, ikinci əsas isə Milli Qurtuluş günümüzdür”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Azər Badamov deyib.
“Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” müdrik kəlamının nə qədər dəqiq olduğunu tarix sübut edib.Çünki 1918-ci ildə yaradılmış AXC cəmi 23 ay yaşadı və cümhuriyyət qurucuları o vaxtı çətinliklə qazandığı dövlət müstəqilliyini qoruyub saxlaya bilmədilər.
İkinci dəfə müstəqilliyə qovuşmağımız isə tarixi bir prosesin məntiqi nəticəsi idi. Amma bu nailiyyəti qoruyub saxlamaq və inkişaf etdirmək üçün çox çətin bir keçid dövrünü yaşamalı olduq. Çünki Azərbaycan həmişə xarici düşmənlərin marağında olan bir məkan olub. O cümlədən, ölkə daxilində gedən çəkişmələr və hakimiyyətsizlik xarici düşmənlərimizin çirkin niyyətlərinin reallaşmasına yol açırdı. Məhz belə bir çətin dövrdə xalqın və ölkənin taleyini Ümummilli Lider Heydər Əliyev xilas etdi. Bu baxımdan 15 iyun Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin qızıl hərflərlə yazılan şanlı səhifəsidir”.
“Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Belə ki, Ulu Öndərin reallaşdıra bilmədiyi arzularını Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız həyata keçirdi.
Bu, Azərbaycanın suverenliyinin təmini və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması idi. Bu gün Azərbaycan nəinki özünün tarixi missiyasını yerinə yetirdi, həm də dünyada ulduz kimi parlayır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün dünya nizamının formalaşmasında rolu olan ölkəyə çevrilib. Bu gün müstəqil Azərbaycan Respublikasının parladığını görən Ümummilli Liderin ruhu şaddır. Heydər Əliyevin ideyaları ölməzdir, əbədidir, onun xatirəsi heç vaxt unudulmur və Azərbaycan durduqca yaşayacaqdır”, - millət vəkili qeyd edib.
Firuzə Əliyeva