\"Meyarlar aydın deyil, lakin layihəni dəstəkləyirəm\" - Deputat

“Əminəm ki, hansısa statistik göstəricilərə əsaslanmadan bu layihə gündəmə gəlməzdi, sadəcə işlək bir prosesin hansısa sui-istifadə halına qurban verilməsi doğru deyil”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar plenar iclasında deputat Bəhruz Məhərrəmov “Məşğulluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Mövcud layihədə düyün nöqtəsi kimi işlə təmin edilmə imkanları olanların təqaüdlərdən sui-istifadə etməsi ehtimalları barədə çıxışlar edilir və bununla da ehtiyacı olanların kənarda qalması qabardılır. Əgər qeyri-real olan, sui-istifadə xarakteri daşıyan hansısa fakt varsa, təbii ki, aidiyyəti tədbirlər görülməlidir, hətta bu prosesdə inzibati məsuliyyət tədbirlərinin mümkünlüyünə baxıla bilər. Sadəcə burada da aydın hüquqi kateqoriya olmalıdır, “işlə təmin edilmə imkanları olanlar” kateqoriyası necə müəyyən edilir, bu, aydın deyil.
Ən sonda müəyyən meyarlar aid deyil, kvota niyə məhz 15 nəfərdən çox olmamalıdır? Yaxud 26-cı maddədəki 2 illik müddət, yaxud 29-cu maddədəki 50 faizlik meyar. Düzdür, buna etiraz üçün xüsusi əsas görmürəm, amma istənilən halda meyarlar aydın deyil.
Ümumilikdə isə təbii ki, layihəni dəstəkləyirəm, konsepsiya ümumi rifaha xidmət edir”, - millət vəkili qeyd edib.
Firuzə Əliyeva