“Rusiya xristian və mühafizəkar ölkədir” - Mixail Şvıdkoy

“Rusiyada yaşayan millətlərin və mədəniyyətlərin müxtəlifliyinə baxmayaraq, Rusiya xristian və mühafizəkar ölkədir”.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) bildirib.
Şvıdkoy qeyd edib ki, Rusiyada türkdilli mədəniyyətləri təmsil edən insanların böyük bir hissəsi, Yaxın Şərq mədəniyyətlərini, Buddist mədəniyyətlərini təmsil edən və yəhudiliyi qəbul edənlərin əhəmiyyətli bir hissəsi yaşayır. Onun fikrincə, bunlara baxmayaraq Rusiya xristian ölkəsidir:
“Bu mənada mədəniyyətimizin təməlinin xristian dəyərlərindən kənarda olduğunu deyə bilmərik”.
Şvıdkoy söyləyib ki, Rusiya hər zaman hər şeylə maraqlanıb:
“Biz ənənəvi dəyərləri müdafiə edirik və inanın ki, Avropa və Amerikada da ənənəvi dəyərlər xeyli sayda insan tərəfindən dəstəklənir. Fransada eynicinsli nikah qanunu müzakirə olunanda, ölkənin yarısı evliliyin kişi və qadın arasında olması fikrini müdafiə etmək üçün küçələrə çıxdı. Rusiya da mühafizəkar ölkədir və bu, müasir dünyada zəruridir. Mühafizəkarlığın inkişafı dayandırmadığını başa düşmək vacibdir. Ancaq eyni zamanda, Rusiya dəyişən bir ölkədir”.
Qeyd edək ki, Rusiyanın İctimai Rəy Fondunun 2023-cü il üçün sorğusuna əsasən, rusiyalıların 62%-i özünü pravoslav xristian, 8%-i müsəlman, 23%-i isə heç bir dinə etiqad etməyən şəx olduğunu bildirib. Lakin alternativ mənbələrə görə Rusiyada hazırda 25 milyon müsəlman yaşayır. Onlar Rusiya əhalisinin təxminin 17 faizini təşkil edir.
Vasif