"Rusiya müharibənin bitməsini və Qərblə münasibətlərin bərpasını istəyir, çünki..." - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin ötən gün Ukraynaya yardım və xarici silahlarla Rusiya ərazisinin vurulmasına icazə verilməsi ilə bağlı Qərbi hədələyən bir sıra bəyanatlar verib. O qeyd edib ki, ABŞ Ukraynaya silah verməsə, müharibə bir neçə aya bitər.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli xatırladıb ki, Vaşinqton yarım il Ukraynaya silah vermədi və bununla da Rusiya üçün çox ciddi fürsət pəncərəsi açdı:
“Moskva ləngimədən bu fürsətdən faydalanmaq istədi. 600 minlik ordu ilə bütün cəbhə boyu vəhşicəsinə hücuma keçdilər. Məqsəd Ukraynanın müqavimətini qırıb, onu təslimçi sülhə məcbur etmək və 2024-cü ildə məsələni bitirmək idi. Hazırda hücum əməliyyatının yeddinci ayıdır, Rusiya ordusu hələ ki, cəbhəni yara bilməyib. İrəliləyişlər olsa da, hərbi terminologiya ilə ifadə etsək, taktiki səviyyədədir. Plan isə Ukraynanın cəbhə xəttini çökdürüb, operativ genişliyə çıxmaq idi. Ukrayna ordusu ötən müddətdə məhdud imkanlarla inanılmaz şücaət göstərdi və uğurlu müqavimətini davam etdirir. Rus ordusunun itkilərinin bu müddətdə dəhşətli miqyas aldığı və Ukraynaya hərbi yardımların yenidən daxil olmağa başladığı nəzərə alınarsa, işğal komandanlığının bu il qarşıya qoyulan vəzifəyə nail olacağı şübhə doğurur”.
Ekspert bildirib ki, Xarkov əməliyyatının baş tutmadığını da söyləmək mümkündür:
“Rus hərbi müxbirlər senzuraya baxmayaraq, ehtiyatlı cümlələrlə ağır itkilərdən şikayətlənməyə başlayıblar. Məsələn, Xarkov cəbhəsində bütöv bir alayın məhvindən danışılır. Britaniya kəşfiyyatının məlumatına görə, may ayında rus ordusunun gündəlik canlı qüvvə itkisi 1200 nəfər olub. Müstəqil müşahidəçilərin foto və video sübutlar əsasında tərəflərin gündəlik hərbi texnika itkilərinə dair hesabatlarına nəzər salanda, yenə hücumda olan tərəflə bağlı böyük rəqəmlər görürük. Rusiya nəhəng resurslara sahib olsa da, heç nə tükənməz deyil. Moskva müharibənin tezliklə dayandırılmasında və Qərblə münasibətlərin bərpasında maraqlıdır. Qərblə əlaqələr bərpa olunmadan, xarici iqtisadi əlaqələr yenidən diversifikasiya edilmədən Rusiyanın deqradasiyası davam edəcək. Asiya bazarına getdikcə daha çox yönəlmək məcburiyyəti onu Çinin xammal bazasına çevirir və bu ölkədən arzuolunmaz asılılığa aparır”.
Siyasi şərhçinin sözlərinə görə, ABŞ müharibənin idarəolunan və kontrollu şəkildə davamında, Rusiyanın hərtərəfli aşınmaya məruz qalıb, resurslarını tükətməsində maraqlı görünür:
“Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirməyə icazə verməklə, həm onun itkilərinin miqyasını artırırlar, həm də Putinin xarizmasını cızmış olurlar. Bu strategiya Ukrayna üçün də çox baha başa gəlir, lakin nə qədər ağır bədəllər ödəsə də, ukraynalılar bu ekzistensial savaşı davam etdirməyə məcburdur. Qərb tərəfindən xəyanətə məruz qalmasa, Ukraynanın bu sınaqdan ləyaqətlə və ədalətli şərtlərlə ayrılma şansı yüksək olaraq qalır”.
Günay