İranda prezidentliyə namizədlərin ADLARI - Siyahıda onlar da var

Bu gün İranda növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən namizədlər üçün ərizələrin qəbulu başa çatıb. İran mətbuatının məlumatına görə, 37 namizədin sənədləri Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən qəbul edilib.
Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq İlyas Hüseynov bildirib.
“İran qanunlarına görə, prezident seçkilərində iştirak etmək istəyən vətəndaş sənədlərini Daxili İşlər Nazirliyinin müvafiq komissiyasına təqdim edir. Bundan sonra sənədlər qaydasındadırsa, ərizə qeydə alınır və sonrakı günlərdə əvvəlcə Daxili İşlər Nazirliyi, sonra isə İran Konstitusiyasının Mühafizə Şurası müvafiq şəxslərin sənədlərini yoxlayır. Təsdiq edilmiş seçki təqviminə əsasən, namizədlərin ərizələrinə iyunun 3-dən iyunun 12-dək baxılacaq, təsdiq edilmiş siyahı isə iyunun 12-də dərc olunacaq”.
Politoloq qeyd edib ki, hazırda prezidentliyə namizədlərlə bağlı çoxlu müraciətlər var və iyunun 12-də “mühafizəçilərin” kimi təsdiq edəcəyi məlum deyil.
“Bununla belə, namizədlər siyahısında maraqlı şəxslər də az deyil. Bu günlərdə dövlət başçısı postuna iddialılar arasında ikinci qadın, keçmiş deputat Həmidə Zərabadi öz namizədliyini irəli sürüb. Bundan əvvəl, şənbə günü mühafizəkar siyasətçi, deputat və parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Zəhra Elahyan səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçib”.
İlyas Hüseynovun sözlərinə görə, prezidentliyə namizədlərin böyük əksəriyyəti hazırda və ya əvvəllər parlamentdə təmsil olunub:
“Geniş siyahıda nazirlər də qeydiyyatdan keçiblər. Belə ki, İbrahim Rəisi hökumətində mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili, keçmiş kənd təsərrüfatı naziri Məhəmməd Rza İskəndəri, Mərkəzi Bankın keçmiş rəhbəri Əbdülnasir Həmməti, parlament sədrinin keçmiş müavini Məsud Pezeşkiyan, 8 il Həsən Ruhani hökumətinin birinci vitse-prezidenti vəzifəsində çalışmış İshaq Cahangiri namizəd kimi qeydə alınıb. Qeyd edim ki, son 3 nəfər “islahatçı” qanadına aiddir. Hazırda prezidentlik yarışına daha üç din xadimi - Seyid Məhəmmədrza Mirtacəddini, Höcətulül-İslam Həsən Novruzi və mədrəsə müəllimi Höcətül-İslam Əhməd Əkbəri qoşulub”.
Ülkər Abdurahmanlı