Baydendən müharibənin gedişatını dəyişdirəcək QƏRAR - Putinin reaksiyası necə olacaq?

ABŞ Prezidenti Co Baydenin Ukrayna savaşı ilə bağlı səs-küy yaradacaq addım atıb.
Sfera.az bildirir ki, o, Kiyevə ABŞ silahlarından Rusiya ərazisi daxilində, yalnız Xarkov cəbhəsində hərbi hədəflərə qarşı istifadə etməyə icazə verib. Bu barədə ABŞ-li məmurlardan biri “BBC”yə açıqlamasında deyib. Onun sözlərinə görə, aidiyyəti orqanlara Ukraynaya ABŞ silahlarından “əks-atəş məqsədilə” istifadə edə bilməsini təmin etmək və hücuma hazırlaşan Rusiya qüvvələrinə cavab vermək təlimatı verilib.
“Rusiya daxilində Ordu Taktik Raket Sisteminin (ATACMS) istifadəsini və ya uzaq mənzilli zərbələri qadağan etmək siyasətimiz dəyişməyib”, - sözügedən şəxs bildirib. Ağ Ev və Dövlət Departamenti isə məsələ ilə bağlı şərh verməyib.
Qeyd edək ki, ATACMS (Army Tactical Missile System) ABŞ istehsalı olan taktiki ballistik raket sistemidir. Bu sistem quru qoşunları tərəfindən düşmən hədəflərini yüksək dəqiqliklə vurmaq üçün istifadə olunur.
Xatırladaq ki, ötən gün Özbəkistana səfəri zamanı Putin Ukraynanın Rusiyaya qarşı hücumlarında Qərb silahlarından istifadə etməsinin “ciddi nəticələrə” səbəb olacağını deyib. “NATO ölkələri, xüsusən də Avropanın nümayəndələri nə ilə oynadıqlarından xəbərdar olmalıdırlar. Onlar unutmamalıdırlar ki, ümumiyyətlə, əhalisi çox, torpaqları kiçik olan ölkələrdir. Rusiya ərazisinə hücumlar təşkil etməzdən əvvəl bu amilləri nəzərə almalıdırlar. Həmçinin qərblilərin Ukraynaya qoşun göndərmək qərarının da mənfi nəticələri olacaq. Düşünürəm ki, bu, düzgün qərar və yaxşı çıxış yolu deyil. Bu, gərginliyin artmasına və Avropada ciddi münaqişəyə doğru daha bir addımdır. Bu, onlara lazımdırmı? Lazımdırsa, o zaman buyurun!”, - Rusiya lideri bildirib.
Günay