"Azərbaycan ilk dəfə mümkün 100 baldan 67 ballıq nəticə alıb" - Komitə sədri

"Açıq Büdcə İndeksi"nin (ABİ) 2023-cü il üzrə hesabatına əsasən, Azərbaycan ilk dəfə olaraq mümkün 100 baldan 67 ballıq nəticə alıb.
Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
O bildirib ki, Azərbaycan 125 ölkə arasında 21 pillə irəliləyərək 23-cü yer tutub, büdcə barədə kifayət qədər məlumat dərc edən ən qabaqcıl ölkələr qrupuna daxil olub. Milli Məclisin, Maliyyə Nazirliyinin və Hesablama Palatasının ictimaiyyət üçün açıq olan birgə müzakirələri, rəsmi saytlarda, digər mühüm büdcə sənədlərində vaxtında dərc olunan məlumatlar Azərbaycanın bu göstəricilər üzrə ciddi irəliləyişində mühüm rol oynayıb.
Qeyd edilib ki, Beynəlxalq Büdcə Əməkdaşlığı" (International Budget Partnership (IBP) təşkilatı tərəfindən hər 2 ildən bir "Açıq Büdcə İndeksi" (ABİ) tərtib edilir. Burada büdcə proseslərinin şəffaflığı və büdcə məlumatlarının ictimaiyyət üçün əlçatanlığının səviyyələri qiymətləndirilir.
Firuzə Əliyeva