Ötən ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarıldı

Milli Məclisin yaz sessiyasının son plenar iclasında Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
O bildirib ki, rəy dövlət büdcəsi gəlirlərinin 97.8%-ni, xərclərinin isə 85.5%-ni əhatə edən vəsaitlərin qurumlar tərəfindən təqdim edilən hesabatlarla qarşılaşdırılması nəticəsində hazırlanıb.
Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, qlobal iqtisadi artım 2023-cü ildə 3,2 faiz olmaqla gözləntiləri üstələsə də, bu 2022-ci ildə qeydə alınmış göstəricidən 0,3 faiz bəndi az olub.Beynəlxalq ticarətin artım tempi zəifləyib, ölkələrdə iqtisadi aktivlik əsasən daxili tələb amilləri hesabına təmin edilib. 2021-ci ildə 11%, 2022-ci ildə 5.6% artan beynəlxalq ticarət 2023-cü ildə cəmi 0.3% artıb.
2023-cü ildə dünyada orta illik inflyasiya əvvəlki ilə nisbətən 1.9% azalaraq 6.8% təşkil edib. Azərbaycanda orta illik inflyasiya isə 10.4%-lik proqnoza qarşı 8.8% təşkil edib. İnflyasiyaya səbəb olan amillərdən biri olan idxal olunan məhsulların ilin sonuna olan qiyməti 2022-ci ilin sonuna olan qiymətlərlə müqayisədə 15.8% artıb. Təhlillər göstərib ki, Azərbaycanda orta illik inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin nəticəsində azalıb.
Firuzə Əliyeva