"Plan buna hesablanıb və görünür ki... " - Rusiya Baş konsulluğu niyə məhz Xankəndidə açmaq istəyir?

Rusiya yaxın vaxtlarda Xankəndidə Baş konsulluq açmaq istəyir. Bu haqda Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib. “İkitərəfli məsələlərdən Xankəndidə Baş konsulluğun açılmasını qeyd edərdim. Bunun üçün yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və dəstəyinizə ümid edirik”, - Q. Karasin bildirib. Onun sözlərinə görə, konsulluğun 2024-cü ildə açılması ideal olardı.
Maraqlıdır, Rusiya Xankəndidə niyə konsulluq açmaq istəyir?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, sözügedən istəyin tutarlı səbəbi yoxdur. O xatırladıb ki, bölgədə nə Rusiya vətəndaşı, nə rus hərbçisi var, nə də Rusiya şirkətləri burada fəaliyyət göstərir:
“Bu istəyin siyasi məqsəd daşıdığı aydındır. Rusiya sülhməramlıların getməsindən sonra Qarabağda mövcudluğunu diplomatik müstəvidə davam etdirmək istəyir və istisna deyil ki, plan ermənilərin mümkün qayıdışına hesablanıb. Hərçənd ermənilərin Qarabağa qayıdış perspektivi yoxdur. Əgər gələcəkdə bu baş verərsə belə, bölgəyə gələnlər Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda burada yaşaya biləcəklər”.
Ekspert bildirib ki, Azərbaycanın Rusiyada iki konsulluğu fəaliyyət göstərir:
“Rusiya da Azərbaycandakı konsulluğunun sayını artırmaq istəyir. Halbuki, Rusiya ərazi baxımdan daha böyükdür və orada yaşayan azərbaycanlıların sayı çoxdur. Yaxud məqsəd təkcə say məsələsidirsə, niyə bunu başqa şəhərdə yox, məhz Xankəndidə etmək istəyirlər? Karasinin bu izahı gerçək məqsədi gizlətməyə hesablanıb. Görünür, Rusiyanın Cənubi Qafqaz siyasətində Qarabağın kart olmaqdan çıxmasını hələ də qəbul edə bilmirlər”.
Günay