"Azərbaycanlılarla ermənilərin dinc şəraitdə yaşamasına erməni kilsəsi mane olur" - Deputat

“Məlum olduğu kimi, bu gün Ermənistanda ictimai-siyasi gərginlik davam edir. Bugünkü gərginliyin əsas körükçüsü isə Baqdan Qalstanyan adında din dəllalıdır. Ayın 26-da o yenidən “izdihamlı” mitinqlər təşkil etməyi planlaşdırır”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Ceyhun Məmmədov deyib.
“Hər birimizə məlum olduğu kimi, tarix boyu azərbaycanlılarla ermənilərin dinc şəraitdə yaşamasına mane olan əsas qurumlardan biri də erməni kilsəsi olub. Kilsə bu gün də eyni siyasəti davam etdirir.
Əslində səmavi dinlərin tarix boyu bəşəriyyətə göndərilməsinin əsas səbəbi xalqlar arasında sülhü və əminamanlığı təmin etmək olub. Heç bir din insanlığı müharibəyə və düşmənçiliyə çağırmayıb. Bu addımlarla erməni kilsəsi öz dininə və onun ehkamlarına da xəyanət edir. İsa Peyğəmbər də İncildə sülh tərəfdarı idi. Bəs yaxşı Baqrat erməni cəmiyyətinə nə təklif edir? Ermənistan dövləti və cəmiyyəti müharibəyə hazırdırmı? Hesab edirəm, Erməni xalqı bu saxtakar keşişə və onun arxasında qorxaqcasına gizlənən köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir”, - millət vəkili bildirib.
Firuzə Əliyeva