Böyük Britaniya vizası almaq üçün iki yeniliyin tətbiqinə başlanıb
Dekabrın 2-dən etibarən Böyük Britaniya vizası verilməsi xidməti göstərən "TLScontact” şirkəti iki yeniliyin tətbiqinə başlayıb.
APA-nın şirkətə istinadən verdiyi məlumata görə, ilk olaraq "Tələb üzrə Səyyar Xidmət” sayəsində müştərilər viza müraciət ərizələrini evlərində və ya istədikləri digər məkanlarda təqdim edə biləcəklər. Bildirilir ki, bu xidmət xüsusilə Birləşmiş Krallığa birgə səyahət etmək istəyən böyük qruplar, Bakıda yerləşən Viza Müraciət Mərkəzinə getmək istəməyən, vaxt sıxıntısı olan şəxslər üçün daha əlverişlidir.
Fəaliyyətə başlayan digər yeni xidmət "Müraciət zamanı pasportun saxlanılması" xidmətidir. Bu xidmət müştərilərə viza ərizələrini təqdim etdikdən sonra pasportlarını özlərində saxlamaq imkanı verəcək. Birləşmiş Krallıq Viza və İmmiqrasiya Xidməti tərəfindən viza qərarı verildikdən sonra müştəri nəticə barəsində məlumatlandırılacaq və daha sonra pasportun TLScontact Viza Müraciət Mərkəzinə gətirilməsi tələb olunacaq. Bu xidmət , əsasən, müraciət müddəti ərzində başqa ölkəyə səyahət etmək istəyən şəxslər üçün əlverişlidir. Bu yeni xidmətin rüsumu 42 fund sterlinq dəyərində təyin olunub və vizaya müraciət etməzdən öncə onlayn şəkildə ödənilməlidir.