Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb.

 

Dövlət başçısının sözlərinə görə, indi bölgədə yeni nizam qurulur:

 

“Əsassız fikirləri bir kənara qoymağın vaxtıdır. Gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə, zamanın reallıqları ilə hərəkət etmək həmişə daha yaxşıdır. Paşinyan da artıq bunu başa düşür”.

 

Türkiyə lideri əlavə edib ki, tarixçilər ilk növbədə tarixi prosesdə baş verənlərlə məşğul olurlar:

 

“Biz əvvəldən qondarma erməni soyqırımı məsələsi ilə bağlı çox açıq danışdıq. Arxivlərimizi aça biləcəyimizi dedik və açdıq. İndi real əsasda yeni yol xəritələri yaratmağın vaxtıdır. Ümid edirəm ki, Ermənistan diasporu onları əsarətə saldığı zülmətdən xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar etmək yolunu seçəcək. Fürsət qapıları həmişə açıq qalmır. Açıq qaldığı halda ondan yaxşı istifadə etmək lazımdır”.

 

Ərdoğan vurğulayıb ki, bu prosesdə təkcə diaspora deyil, bir çox dairələr də Ermənistana təsir etməyə çalışırlar:

 

“Biz bunları görür və vaxtaşırı xəbərdarlıqlar edirik. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Ərdoğan kifayət qədər ciddi mesajlar verib. Müsahibimizin sözlərinə görə, rəsmi Bakı bir neçə dəfə, ən yüksək səviyyədə bildirib ki, İrəvanla sülh sazişinin imzalanması üçün tarixi fürsət yetişib:

 

“Ərdoğanın səsləndirdiyi fikirlər Ermənistan hakimiyyəti üçün ciddi mesaj və xəbərdarlıqdır. İş orasındadır ki, indiyə kimi sülh sazişinə mane olan əsas məqamlardan biri də ermənilərin saxta tarixi və qondarma iddialarıdır. Məhz bu iddialar münasibətlərin normallaşması üçün ciddi əngəldir. Çünki erməni xalqının ictimai şüuruna artıq kin, düşmənlik toxumları səpilib. Ona görə ermənilərin bir çoxu artıq soyuqqanlı və məntiqli düşünə, reallığı qəbul edə bilmirlər. Sadəcə olaraq bunu istəmirlər. Halbuki həm erməni xalqının, həm də Ermənistanın gələcəyi məhz regional əməkdaşlığın mühitindən, konstruktiv yanaşmadan asılıdır”.

 

Ekspert bildirib ki, erməni diasporu da qondarma iddialardan geniş istifadə edərək sadə xalqı idarəetməyə çalışır:

 

“Bu isə öz-özlüyündə hakimiyyətə təzyiq vasitəsidir. Təsadüfi deyil ki, Ermənistan iqtidarı, demək olar, bütün addımlara xüsusi həssaslıqla yanaşır, əvvəlcədən hazırlıq görür. Ermənistan baş naziri Nikol Paşinyan sülh istəyirsə, həm daxildə, həm da xaricdə ona müxalif olan güclərlə mübarizə aparmalıdır. Etiraf etmək lazımdır ki, bu, çətindir. Ciddi siyasi iradə tələb edir. Amma proseslər onu deməyə əsas verir ki, Paşinyan israrlıdır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR