Paşinyan Makronun Qarabağdan qaçmış “kukla”sını həbs etməyə hazırlaşır - ŞƏRH

Paşinyan Makronun Qarabağdan qaçmış “kukla”sını həbs etməyə hazırlaşır - ŞƏRH

Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin sonuncu iclasında maraqlı məsələlərə toxunub. Onun özünü “dqr”in “mühacirətdə olan hökuməti” adlandıran “qurumun” fəaliyyəti ilə bağlı dedikləri diqqət çəkib.

 

Paşinyan açıq şəkildə deyib: “Ermənistanda Ermənistan Respublikası hökumətindən başqa heç bir hökumət ola bilməz. Ermənistanda kimsə özünü hökumət kimi tanıdırsa, bu, milli təhlükəsizlik məsələsidir. Bu, sadə bəyanat deyil, aydın mesajdır və bu mesaj real həyatda ifadə olunmalıdır”.

 

Aydın məsələdir ki, Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyanın Fransanın “Le Figaro” nəşrinə müsahibəsində mühacirətdə olan “Qarabağ hökuməti”nin İrəvanda fəaliyyətini davam etdirdiyini deməsi Paşinyanı həm narahat edib, həm də qəzəbləndirib.

 

Paşinyan iclasda çıxışı zamanı bunları söyləyib: “Qarabağdan köçən bəzi dairələr bilərəkdən və ya bilməyərəkdən Ermənistan Respublikasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər və addımlar atırlar, hansısa hakimiyyətin mühacirətdə olduğunu bəyan edirlər”.

 

Paşinyan yaxşı bilir ki, Şahramanyanın bu açıqlaması Azərbaycan tərəfini narazı salacaq. Rəsmi Bakı nə bu gün, nə də bundan öncə keçmiş separatçıları ciddiyə alıb, onları bərabər səviyyəli tərəf kimi tanıyıb. Rəsmi Bakı bu və bu kimi məsələlərdə ancaq və ancaq Ermənistanı tərəf kimi görür. Yəni Paşinyan rəsmi Bakının beynəlxalq təşkilatlara, ya da elə Ermənistanın özünə separatçılara dəstək verməsi barədə şikayət edəcəyini bilir.

 

Paşinyan son zamanlar sülhə zərər vuracaq addımlardan çəkinir, Bakını narazı salacaq ehtimal addımlar ilə bağlı lazımi izahatı verir. Bütün bunlar müsbətdir, lakin Paşinyanın daha real addımlar atması lazımdır. Misal üçün, Samvel Şahramanyan və bu qəbildən olan şəxslərin həbs edilməsi vacibdir. Bu, Bakı nəzdində sülhə dəstək verəcək, habelə, etimad mühitini yaxşılaşdıracaq mühüm jest kimi qiymətləndirilə bilər.

 

Aydın məsələdir ki, Samvel Şahramanyanın bu qədər aktivləşməsi səbəbsiz deyil. Fransa erməni separatizmini “diriltməyə”, separatçıların beynəlxalq informasiya müstəvisinə çıxışını təmin etməyə çalışır. Paris məhz buna görə Şahramanyana ciddi dəstək verir.

 

Şahramanyan və separatizmin dirildilməsi məsələsi hazırda Paris ilə İrəvan arasında mübahisəli məsələyə çevrilib. Yuxarıda da qeyd etdiyim kimi, Ermənistan maksimum dərəcədə Bakını narazı salacaq və sülh prosesinə mane olacaq məqamlardan yayınmağa çalışır. Fransa isə iki ölkə arasında gedən sülh danışıqlarından məmnun deyil və açıq şəkildə pozuculuqla məşğuldur.

 

Paşinyan Şahramanyan ilə bağlı ciddi tədbir görərsə, daha dəqiq desək, onu həbs edərsə, bu, Paris ilə İrəvan arasında narazılığı artıracaq. İrəvan seçim etməlidir: ya sülh gündəliyinə sadiq qalmalı, ya da Parislə münasibətləri korlamaq bahasına Şahramanyanı həbs etməlidir.

 

Müəllif: Politoloq Turan Rzayev



 


OXŞAR XƏBƏRLƏR

Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"

“İctimai TV”də yayımlanan “Alatava” serialı müzakirələrə səbəb olub.   Bir sıra narazılıqlardan sonra serialın ssenari müəll...

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”

24 aprel 2024-cü ildə ADA Universitetində keçirilən beynəlxalq forumda Prezident  İlham Əliyev dərin məzmunlu tarixi bir çıxış etdi. Dövlət başçı...

Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”

“Cari ilin noyabr ayında Azərbaycanda növbəti dəfə dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq tədbirlərindən biri keçiriləcək. 2023-cü ilin dekabrında Azər...

Ordumuzun komanda-qərargah təlimləri başa çatdı - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimlər...

Azərbaycan parlaq gələcəyini inamla qurur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun mətbuata verdikləri bəyanatda gələcək əməkdaşlıq məsəl...

Abşeronda yol qəzası olub - Xəsarət alan var

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sürücülər...