Paşinyanı sıradan çıxarmağa çalışır: Qərb rəsmiləri ilə görüşən Oskanyan kimdir? 

Paşinyanı sıradan çıxarmağa çalışır: Qərb rəsmiləri ilə görüşən Oskanyan kimdir? 

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın ABŞ və Avropa ölkələrində yüksək vəzifəli rəsmilərlə intensiv görüşlərinə dair xəbərlər yayılıb.

 

Sözügedən Qərb rəsmiləri kimlərdir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, Oskanyan baş nazir Nikol Paşinyanın bütün addımlarını tənqid edir və onun Azərbaycanla razılaşmasına mane olmağa çalışır. Ekspertin sözlərinə görə, digər tərəfdən isə, həm Vaşinqton, həm də Brüssel Nikol Paşinyana dəstək verir. Bu isə qaranlıq qalan məqamların yaranmasına səbəb olur:

 

“Belə çıxır ki, həmin dairələr Paşinyana dəstəklə yanaşı, onun mövqelərini zəiflətməyə çalışan Oskanyanla da fikir mübadiləsi aparırlar. Ancaq bu, Rusiyanın təsirindən qurtulmağa çalışan Nikol Paşinyana əlavə problem yaradır. Bu isə Qərbin maraqlarına ziddir. Ya da ki, Vardan Oskanyan ABŞ və Avropada aşağı səviyyədə qəbul olunur, onun fikirləri diqqətə alınmır. Ümumiyyətlə, Oskanyan müxalifət partiyalarında təsmil olunmayıb, deputat deyil, sadəcə özünün təsis etdiyi fond sədridir. Böyük ehtimalla, fondu üçün müxtəlif təşkilatlardan ianə toplayır, içində erməni lobbisinin təmsilçiləri də var, yol və otellərdə qalma pulunu onlar verir”.

 

Politoloq qeyd edib ki, Paşinyanın daxili və xarici siyasətindən narazı qalan erməni diasporunun imkanlı nümayəndələrinin Oskanyana maliyyə ayırdığı istisna deyil:

 

“Vardan Oskanyan eyni zamanda təsis etdiyi “Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi komitəsi”nə diqqəti cəlb etməyə çalışır. Paşinyan və onun komandası Qarabağ mövzusunu unutmağa çalışarkən, Oskanyan tam tərsiylə məşğuldur. Əgər Nikol Paşinyan Azərbaycanla razılaşma əldə etmək istəyirsə, Oskanyan kimilər ona mane ola bilməyəcək. Buna baxmayaraq, suyu bulandırmağa çalışan Oskanyanın fəaliyyəti müxtəlif qüvvələrin maraqlarına xidmət edir. Bunlar arasında Ermənistanın radikal müxalifətindən tutmuş Paşinyana nifrət edən Rusiyadakı dairələrə qədər mərkəzlər var”.

 

Günay


OXŞAR XƏBƏRLƏR