Çox təhlükəli oyun: Qərb yenə onu dəstəkləyir

Çox təhlükəli oyun: Qərb yenə onu dəstəkləyir

Ermənistanın baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi "Mülki müqavilə" partiyasının parlament fraksiyasının deputatları ilə qapalı görüşdə bəyan edib ki, Azərbaycanın Qazax rayonunun 4 kəndinin Bakıya qaytarılmasının vacibliyini vurğulayıb.

 

Paşinyanın dediyinə görə, Ermənistanın Tavuş rayonundakı bu yaşayış məntəqələri azad edilərək, Azərbaycana təhvil verilməzsə, hərbi əməliyyatlari başlaya bilər: "Azərbaycan ona məxsus kəndlərə yiyələnməsə, problemi hərbi yolla həll etməyə çalışacaq".

 

Qapalı toplantıda, həmçinin, Ermənistan hökumətinin bütün üzvləri və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan da iştirak edib.

 

"Təxminən iki saat davam edən görüş həddən artıq gərgin mühitdə keçib. Hakim partiyadan olan bəzi deputatlar Nikol Paşinyanın siyasətindən narazılıq edərək, Ermənistanın qırmızı cizgilərinin müəyyənləşdirilməsini, hansı məsələlərdə Bakının şərtlərindən və tələblərindən İrəvanın imtina edə biləcəyinin açıqlanmasını istəyiblər", - Ermənistandakı "Hraparak" qəzeti yazıb.

 

Nikol Paşinyan isə vurğulayıb ki, İrəvan ən yaxın vaxtlarda Bakının şərtlərini yerinə yetirəcək.

 

Anklav olmayan 4 kəndin ərazisindən Ermənistan Müdafiə Nazirliyinin 3-cü korpusunun hərbçiləri çıxarılacaq, Azərbaycan əraziləri olan bu kəndlər Bakıya qaytarılacaq.

 

Erməni deputatlar onu da bildiriblər ki, kəndləri müqavilə ilə verməkdənsə, onları müharibədə itirmək daha yaxşıdır: "Erməni xalqının bunu hakimiyyətə bağışlamayacağı söylənilib. Paşinyan cavab olaraq bildirib ki, həmin kəndlər Bakıya təhvil verilməsə, Azərbaycan hərəkətə keçərək, Loriyə, hətta İrəvana qədər gələ bilər".

 

"Hraparak" iddia edir ki, erməni deputatlar kəndləri Azərbaycana qaytarmağı, Bakının əvəzində Ermənistanın İcevan rayonu ərazisindəki Berkaber kəndinin ətrafındakı əraziləri ermənilərə verməsi kimi variant təklif ediblər.

 

Nikol Paşinyan bu təklifə Bakının əsla razılaşmayacağını bəyan edib.

 

"Paşinyan onu da deyib ki, partiya mənsubu olan şəxslər 4 kəndlə bağlı müsahibələrində "vermək" yox, "qaytarmaq" kəlməsindən istifadə etsinlər, çünki "hökumət heç nəyi vermir, yalnız qaytarır". Deputatlar narazı qalıblar", - qəzet yazır.

 

Xatırladaq ki, söhbət 32 ildən bəri Ermənistanın işğalında olan, Azərbaycanın Qazax rayonunun anklav olmayan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərindən gedir.

 

Bu kəndlər Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin delimitasiya və demarkasiya prosesindən əvvəl Bakıya təhvil verilməlidir.

 

Proses Azərbaycandan çox, Ermənistanın marağında olmalıdır. Nikol Paşinyan hakimiyyəti ölkəsinin sərhədlərinin beynəlxalq hüququn və çoxsaylı müqavilələrlə sazişlərin, habelə İrəvanın imzaladığı bəyannamələrin prinsiplərinə uyğun müəyyənləşdirilməsini, şərti dövlət sərhədinin "təmas xətti" ifadəsindən qurtularaq, dövlətlərarası legitim hüquqi həddə çevrilməsini istəyirsə, kəndlər ən qısa zamanda azad edilməlidir.

 

Əks təqdirdə Ermənistanın Azərbaycanla sərhədinin statusu və xüsusilə də statusu mücərrəd olaraq qalmağa davam edəcək ki, bu da ermənilər üçün gələcəkdə ciddi problemlərlə risklər yaradacaq.

 

Ermənistanın işğalında qalmış digər 4 yaşayış məntəqəsinin - Qazax rayonunun 3 və Naxçıvanın Kərki kəndinin - azad edilməsi prosedurunu şərti dövlət sərhədinin delimitasiyası ilə paralel, yaxud sonra da reallaşdırmaq mümkündür.

 

Rəsmi İrəvan problemi danışıqlar vasitəsilə həll etmək niyyətində olduğunu bəyan edir, amma bölgədəki vəziyyəti sürəkli olaraq gərginləşdirməklə məşğuldur. Vəziyyət eskalasiya həddinə çatarsa, Azərbaycanın kəndləri azad etmək üçün yeganə məntiqi variant qismində hərbi əməliyyatı seçməsi də istisna deyil.

 

Ermənistan rəhbərliyi isə aqressiv ritorikasını davam etdirir və Nikol Paşinyan iqtidarına bu cəsarəti verən Fransanın dəstəyi, habelə ABŞ və Avropa İttifaqının İrəvana verdiyi vədlərdir.

 

Aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Aİ-Ermənistan-ABŞ müştərək konfransı da sözdə Cənubi Qafqazda sülh və stabilliyin bərqərar olunmasına yönəlmiş proses sırasındakı tədbir qismində təqdim edilsə də, İrəvanın vədlərə güvənərək, eskalasiyaya yönəlmiş davranışlarını daha da aktivləşdirə biləcək məqamdır.

 

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

 

Avropa İttifaqının, ələlxüsus da bu strukturun üzvü olan bəzi dövlətlərin aşkar ermənipərəst mövqe tutmalarının sülh prosesinə ağır zərbələr vurduğunu rəsmi Bakı dəfələrlə bəyan edib.

 

Halbuki 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunub.

 

Lakin ilkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib.

 

Azərbaycan XİN-nin yaydığı son bəyanatda da bu problemdən bəhs olunub: "Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur. Beləliklə, AİEM-in bəyan edilmiş mandatına uyğun olaraq, tam şəkildə neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsini, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək istənilən fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsi məqsədilə Aİ tərəfinə ciddi şəkildə çağırış edilib".

 

Narahatlıq doğuran digər məsələ Fransanın irəlilətdiyi, Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniyadır. Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir.

 

Fəqət, bütün bunlara rəğmən, Vaşinqton və Brüssel ermənilərə dəstəyi davam etdirir, İrəvanın sülh danışıqları prosesində yaratdığı süni əngəllərin aradan qaldırılması istiqamətində əməli addımlar atmaq əvəzinə erməni revanşizminə göz yumur.

 

Halbuki ABŞ Dövlət Departamentində keçirilən brifinqdə bəhs etdiyimiz tədbirlə bağlı suala belə cavab verilib:

 

"Həmin tədbirdə müzakirə ediləcək məsələlərlə bağlı təfərrrüatlara varmaq istəməzdik. Yalnız onu deyək ki, Azərbaycan və Ermənistan rəhbərliyi ilə hər qarşılıqlı təmaslarımızda məqsəd onları iki ölkə arasındakı fikir ayrılıqlarını dəf etməyə, uzunmüddətli və dayanıqlı sülh sazişinin imzalanmasına təşviq etməkdir".

 

Yenə də söz yığını, empirik ehtimallar və gerçək niyyətin kazuistik ifadələr arxasında gizlədilməsi Cənubi Qafqazda stabilliyin bərqərar edilməsinə yönəlmiş siyasət kimi qələmə verilir.

 

Halbuki sülhə nail olmağın yolu çox asandır.

 

Ərazi iddiaları yolverilməz sayılmalı, şərti dövlət sərhədi mümkün qədər tez demarkasiya və delimitasiya edilməli, regional kommunikasiyalar açılmalı, nəqliyyat dəhlizinin istifadəyə verilməsi istiqamətində konkret addımlar atılmalı, revanşizm və mağara millətçiliyinin qarşısı alınmalı, region dövlətlərinin maraqları nəzərə alınmalı, bölgənin gerçək mənafeyi diqqətdən yayındırılmamalıdır.

 

Bu qədər bəsit.

 

Amma Qərb yazdıqlarımızı edirmi?..


OXŞAR XƏBƏRLƏR