"Riyakar standartlarla üz-üzəyik..." - Deputat Avropa Parlamentinin iç üzünü açdı

“Cənab İlham Əliyevin andiçmə mərasimində dediyi kimi “yeni dövr uğurla davam edəcək””.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məmmədov deyib.
“Amma bilirsiniz ki, biz riyakar standartlarla üz-üzəyik. İki gün öncə şahidlik etdik, Azərbaycan ərazilərinin işğal və təcavüzə məruz qaldığı 30 il ərzində beynəlxalq hüququn aliliyinə hörmət ifadə etməyən Avroparlament qətnamə qəbul edib bizi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğal etməkdə günahlandırdı. Əgər Ermənistanın beynəlxalq səviyyədə tanınan ərazilərinin sərhədləri Avropa parlamentinə bəlli idisə, o zaman erməni qoşunlarının 30 il Qarabağ və Şərqi Zəngəzurda mövculuğu niyə işğal adlandırılmırdı?Yaxud Azərbaycanı antiterror tədbirləri zamanı yaxalanmış terrorçuları azad etməyə çağırırlar. Bu fakt göstərir ki, Avroparlament ikili standartların hökm sürdüyü, korrupsiya yuvasına çevrilmiş bir təsisat olmaqla yanaşı, həm də terrorizmi himayə edən əsas mərkəzdir. Əgər Avroparlament çağırışını humanist niyyətlə əlaqələndirirsə, niyə görə Fransanın Korsikada, Dənizaşırı ərazilərdə həbs etdiyi şəxslərin azadlığını tələb etmir?”,- millət vəkili bildirib.
B.Məmmədov hökumət orqanlarından xahiş edib ki, kadr seçimində, o cümlədən də "Yüksəliş" kimi müsabiqələrdə, savad, dünyagörüşü kimi amillərlə yanaşı, Heydər Əliyev ideologiyasına bağlılıq da qiymətləndirilsin:
“Bu dövləti Heydər Əliyev qurub, cənab İlham Əliyev bugünkü qüdrətə çatdırıb, Heydər Əliyevçi olmayan adam da, nə qədər savadlı olur olsun, bu dövləti sevə və xalq üçün faydalı ola bilməz. Bu, bizim dövlətçiliyin təməl konsepsiyasıdır.
Bilirsiniz, savad anlayışı nisbidir, hər kəs yetişdirilə bilər. Nə qədər savadlı insanlar var, amma beşinci kolon funsiyasını yerinə yetirir. Boğaza qədər xəyanətin, çirkabın içindədirlər. Xüsusən mediaya birə kimi darışıblar. İndi barələrində aidiyyəti hüquqi tədbirlər görülməsinə başlanıb, ortada konkret əməllər üzrə ittiham var, Avropadan Amerikaya qədər səs-səsə veriblər ki, bu, jurnalistdir, həbs etmək olmaz! Bəs harada qaldı sizin hər kəsin qanun qarşısında bərabərlik anlayışınız? Cənab Prezident andiçmədə yaxşı qeyd etdi ki, “gedin, öz işinizlə məşğul olun”.
Firuzə Əliyeva