COP29-a qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilərmi? - AÇIQLAMA

Bakıda keçirilən Qlobal Foruma müraciətində Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, COP29-a qədər Azərbaycanla Ermənistan sülhə nail olacaq. Bildiyimiz kimi, "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək.
Bəs bu qədər qısa müddətdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması mümkündürmü?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, noyabr ayına qədər Azərbaycanla Ermənistan arasında sülhə nail olunması yalnız Rişi Sunakın istəyi deyil:
“Bu haqda Azərbaycan tərəfində də müzakirələr aparılır və qeyd edilir ki, noyabr ayında Bakıda keçiriləcək beynəlxalq iqlim dəyişikliyi toplantısına qədər Ermənistanla sülh sazişinin imzalanması hamı üçün faydalı olar. Belə olarsa, Bakıdakı toplantıya Ermənistan rəhbərliyi də qatıla bilər. Ancaq bunun reallaşması üçün ilk növbədə kəndlər məsələsi həll olunmalı və Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan etdiyi kimi konstitusiyanı yeniləməli və orada ərazi iddialarını əks etdirən bəndləri çıxarmalıdır”.
Siyasi şərhçi qeyd edib ki, noyabr ayına qədər Azərbaycanla sülh və ya çərçivə sazişi imzalaması Ermənistan üçün yaxşı fürsətə çevrilə bilər:
“Öncəliklə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşan Ermənistan Azərbaycanla saziş imzalayarsa, İrəvanın uzaq ölkələrdən Rusiyaya alternativ təhlükəsizlik təminatı axtarmasına ehtiyacı qalmayacaq. Digər məqam isə ondan ibarətdir ki, Ermənistan Azərbaycanın müəllifi olduğu regional layihələrə qoşulmaq imkanı qazanacaq”.
Firuzə Əliyeva