Erməni separatçıların növbəti MƏKRLİ PLANI: “Paşinyan da dəstək olacaq”

“Separatçılar bu ilin yanvarında yaratdıqları qondarma “artsax məsələləri üzrə beynəlxalq komitə”ni aktivləşdirməyə çalışır”.
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, komitənin ideya müəllifi, həm də koordinatoru olan keçmiş xarici işlər naziri Vardan Oskanyanın hazırda Avropada görüşlər keçirdiyi haqda məlumatlar var. Erməni mənbələrin məlumatına əsasən, Oskanyan son günlər ərzində 16 görüş keçirib.
Ekspert bildirib ki, burada əsas diqqətçəkən məqam onun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaarla da görüşü haqda məlumatın olmasıdır. A.Nərimanlı qeyd edib ki, sözügedən komitənin iki əsas hədəfi var:
“Birincisi, beynəlxalq mandat almaqdır. Komitədə təkcə separatçıların yox, beynəlxalq təşkilatların nümayəndələrinin təmsil olunmasını və qondarma “artsax” ideyasını beynəlmiləl hərəkata çevirməyi düşünürlər. İkinci hədəf isə “Qarabağın erməni əhalisi”nin hüquqları adı altında Azərbaycana qarşı iddialara beynəlxalq müstəvidə dəstək əldə etməkdən ibarətdir. İstisna deyil ki, Qərbdə erməni lobbisi və Cənubi Qafqazda maraqları olan ölkələr qondarma komitəyə dəstək verəcəklər. Bu, Qarabağdakı vəziyyətə praktiki olaraq təsir etməsə də, maraqlı qüvvələrin əlində Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə edilə bilər”.
A.Nərimanlının fikrincə, Oskanyan komitəni Avropada qəbul etdirə bilsə, Paşinyan hakimiyyəti də bu ideyaya dəstək verə bilər:
“Bu komitənin Avropadakı fəaliyyətinə diqqət etmək, kimlərlə görüşdüyü, hansı təşkilatlardan yardım istədiyini izləmək lazımdır. Ermənistan hakimiyyəti Qarabağla bağlı bu və ya digər formada separatizm fəaliyyətinin davam etməsinə qarşı təsirli addım atmayacağı təqdirdə, Qərbi Azərbaycan məsələsini, azərbaycanlıların qayıdışı mərhələsini irəliyə daşımaq, misal üçün, dövlət qurmaq mərhələsinə qaldırmaq olar”.
Günay