SOCAR və BP “yaşıl enerji”yə keçid imkanlarını NƏZƏRDƏN KEÇİRDİLƏR - YENİLƏNDİ

SOCAR və BP “yaşıl enerji”yə keçid imkanlarını NƏZƏRDƏN KEÇİRDİLƏR - YENİLƏNDİ

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP şirkəti “yaşıl enerji”yə keçid, dekarbonizasiya istiqamətində gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

 

Sfera.az-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklosla görüşüblər.

 

İqtisadiyyat naziri BP şirkəti ilə uzunmüddətli və səmərəli əməkdaşlığın qarşılıqlı inam və etimada əsaslandığını vurğulayıb. BP-nin Azərbaycanın müəllifi olduğu beynəlxalq enerji layihələrinin icrasında, ölkəmizin enerji ehtiyatlarının inkişafında və investisiya layihələrinin həyata keçirilməsində xüsusi rolu qeyd edilib.

 

Görüşdə tərəfdaşlığın inkişaf etdirilməsi imkanları, ölkəmizdə “yaşıl” enerji növlərinə keçidlə bağlı reallaşdırılan layihələr barədə məlumat verilib, işğaldan azad olunmuş Cəbrayıl rayonunda bu il BP tərəfindən inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

 

M. Aukinklos BP-nin ”xalis sıfır” emissiyalı şirkətə çevrilmək hədəfləri və bu istiqamətdə görülən işlər barədə məlumat verib. Şirkətin ölkəmizlə davamlı tərəfdaşlığın genişləndirilməsinə sadiq qaldığı vurğulanıb, SOCAR-la uzunmüddətli işbirliyinin daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub. BP-nin Azərbaycanda enerji sahəsində həyata keçirilən layihələrdə, o cümlədən bərpa olunan enerji layihələrində iştirakda maraqlı olduğu qeyd edilib. Bildirilib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin “yaşıl” iqtisadiyyatın inkişafına verdiyi önəmin göstəricisidir.

 

Görüşdə ikitərəfli əməkdaşlığın nəticələri, eləcə də birgə fəaliyyətin “yaşıl” enerjiyə keçid, karbonsuzlaşma, kəşfiyyat və hasilat layihələri istiqamətində gücləndirilməsi imkanları nəzərdən keçirilib.

 

***

 

16:38

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP şirkəti “yaşıl enerji”yə keçid, dekarbonizasiya istiqamətində gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

 

Sfera.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

 

Nazir bildirib ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf və həmkarlarla birlikdə BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklos ilə görüş keçirilib.

 

“Keçirdimiz görüşdə ikitərəfli əməkdaşlığın nəticələrini, eləcə də birgə fəaliyyətin “yaşıl enerji”yə keçid, dekarbonizasiya, kəşfiyyat və hasilat layihələri istiqamətində gücləndirilməsi imkanlarını nəzərdən keçirdik. BP şirkətinin Azərbaycanla davamlı tərəfdaşlığın genişləndirilməsinə sadiqliyi və bərpa olunan enerji layihələrində iştiraka marağı ifadə edilib”, - deyə M. Cabbarov qeyd edib.

 


OXŞAR XƏBƏRLƏR