Qərbin artan NARAHATLIĞI: “Ermənistan yenidən təxribatlara əl ata bilər” - AÇIQLAMA

“Qərb Azərbaycana qarşı çox ədalətsiz mövqedən yanaşaraq Ermənistanı dəstəkləyir”.
Bunu Sfera.az-a açıqlamasında deputat Azər Badamov deyib. Müsahibimizin sözlərinə görə, bu proses Cənubi Qafqaz regionuna sülh və əməkdaşlığın gəlməsinə mane olur:
“Azərbaycan-Ermənistan münasibətlərində yaranmış bütün gərginliklərin yeganə səbəbkarı Ermənistandır. Belə ki, Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxladı, soyqırımlar törətdi, yaşayış məntəqələrini dağıtdı və 1 milyondan çox dinc insanı məcburi köçkün və qaçqın həyatı yaşamasına məcbur etdi. Azərbaycan bu ədalətsizliklərə dözə bilməzdi və ona görə də öz gücü ilə 44 günlük Vətən müharibəsi və keçən ilin sentyabr tədbirləri ilə bütün ərazilərində suverenliyini bərpa etdi. Amma Ermənistan və onun ağaları Azərbaycanın öz pozulmuş hüquqlarının bərpasını və Zəfərini heç cürə həzm edə bilmir. Ona görə də Azərbaycanla Ermənistan arasında sülh və münasibətlərin normallaşdırılması ilə bağlı hər hansı bir razılıq əldə olunan kimi Qərb narahat olmağa başlayır”.
Millət vəkili qeyd edib, dövlət başçılarının Münhen görüşündən sonra Makronun Paşinyanı dərhal öz yanına çağırması və təlimatlarını verməsi bu narahatlığın göstəricisidir:
“Buna paralel olaraq müdafiə nazirini də silahlarla bir yerdə İrəvana göndərərək bu ölkənin yenidən silahlandırılması və müharibəyə hazırlanması, planların göstəricisidir. Fransanın hərəkətləri onu göstərir ki, Ermənistanı yenidən müharibəyə təhrik etməklə regionda möhkəmlənmək istəyir. Təbii ki, son günlər baş verən hadisələrin dinamikası Ermənistanın yenidən təxribatlara əl atacağını deməyimizə imkan verir. Amma biz hər zaman erməni təxribatlarına cavab vermək üçün hazır vəziyyətdəyik. Ölkəmiz sülh istəyir, amma qarşı tərəf müharibəyə üstünlük verərsə, biz buna da hazır olmalıyıq. Ona görə də ordumuzun gücləndirilməsinin davam etdirilməsi qarşımızda duran başlıca vəzifə olaraq qalmaqdadır. Güclü ordumuz ədalətimizin qorunub saxlanmasının zəmanətidir”.
Günay