Kamil Zeynallı Ermənistanı məhkəməyə verə bilərmi? - "İdmançı Bakıya qayıtsa da..."

Kamil Zeynallı Ermənistanı məhkəməyə verə bilərmi? -

Fitnes məşqçisi Kamil Zeynallının Moskvanın “Domodedovo” hava limanında saxlanılmasından sonra həyata keçirilən hüquqi prosedurun əsas məqamları məlum olub.

 

Domodedovo rayonunun polis idarəsində aparılan araşdırmalar zamanı Kamil Zeynallının heç vaxt Ermənistanda olmaması və bu ölkədə hər hansı qeyri-qanuni əməl törətməməsi müəyyən edilib. Digər tərəfdən, idmançı sərbəst buraxılaraq Bakıya qayıtsa da, federal axtarışda olmağa davam edəcək.

 

Maraqlıdır, Kamil Zeynallı Ermənistan hökumətini əsassız iddialara görə məhkəməyə verə bilərmi? Yaxud iddiaların aradan qaldırılması, idmançının adının federal axtarışdan çıxarılması üçün hansı addımlar atılmalıdır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, Kamil Zeynallı beynəlxalq axtarışda olmağa davam edərsə, ölkədən kənara çıxması onun üçün ciddi problemlər yarada bilər:

 

 

“Belə ki, səyahət etdiyi ölkələrdən hər hansı birinin Ermənistanla çox yaxın diplomatik əlaqələri olarsa, Kamil Zeynallı Ermənistana təhvil verilə bilər. Bu halda Kamil Zeynallı nə etməlidir? Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər bir Azərbaycan Respublikasının vətəndaşının pozulmuş hüquq və azadlıqlarının müdafiəsi üçün yerli və beynəlxalq təşkilatlara, dövlət qurumlarına və məhkəmələrə müraciət etmək hüququ var. Kamil Zeynallı da öz hüquq və azadlıqlarının müdafiəsi üçün beynəlxalq axtarışları həyata keçirən orqanlara, İnterpola, beynəlxalq məhkəmələrə müraciət edə bilər”.

 

Müsahibimiz bildirib ki, bundan başqa, Kamil Zeynallı İnterpolun Azərbaycandakı bürosuna, Xarici İşlər Nazirliyinə də rəsmi müraciət edərək bu sahədə dövlət orqanlarından köməklik göstərilməsini xahiş edə bilər:
 

“Kamil Zeynallının bu məsələlər tam həllini tapmamış ölkəni tərk etməsi hər zaman risk olaraq qalacaq. Ona görə də ölkə ərazisini bu problem aradan qalxmadan tərk etməsi tövsiyə olunmur”.

 

Günay


OXŞAR XƏBƏRLƏR