Türkiyə və Azərbaycan vətəndaşları Ermənistanda mənzil sahibi oldu - Həmin şəxslər KİMLƏRDİR? + AÇIQLAMA

Erməni mediasının iddialarına görə, 2023-cü ildə Ermənistanda daşınmaz əmlak sahibi olan Türkiyə və Azərbaycan vətəndaşları olub. Qeyd edilib ki, ötən il Türkiyə vətəndaşları İrəvandan üç mənzil alıblar. 2022-ci ildə isə bu göstərici 11 olub. Azərbaycan vətəndaşlarına gəldikdə isə ötən il Ermənistanda daşınmaz əmlak alan olmasa da, 2022-ci ildə iki azərbaycanlı orada mənzil sahibi olub. 2023-cü ildə türkiyəlilər İrəvanda çoxmənzilli yaşayış binasında iki ev və Ararat rayonunda bir torpaq sahəsi satıblar. Azərbaycanlılar isə bir mənzil satıblar.
Əlavə olunub ki, Türkiyə vətəndaşları Ermənistanda ilk dəfə 2005-ci ildə, Azərbaycan vətəndaşları isə 2012-ci ildə daşınmaz əmlak alıblar.
Maraqlıdır, azərbaycanlılar Ermənistandan necə, hansı formada daşınmaz əmlak ala və ya sata bilirlər?
Bununla bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, Azərbaycan və Türkiyə vətəndaşlarının Ermənistan ərazisindən daşınmaz əmlak almaları ilə bağlı müxtəlif illərdə erməni mediası tərəfindən məlumatlar yayılıb:
“Ötən il də erməni mediasının yaydığı məlumata görə, Ermənistandan Azərbaycan və Türkiyə vətəndaşları daşınmaz əmlak alıblar. Nəzərə almalıyıq ki, Türkiyədə çox sayda erməni kökənli türk vətəndaşları yaşayır. Onlar türk vətəndaşları olsalar da, milli mənsubiyyətləri ermənidir. Təbii ki, onların istənilən ölkədən istənilən əmlaka sahib olmaq kimi konstitusion hüquqları var. Amma mövcud siyasi vəziyyətdə düşünmürəm ki, bir türk iş adamı və ya türk kökənli biri Ermənistandan daşınmaz əmlak əldə etsin”.
Müsahibimiz bildirib ki, Azərbaycandan təxminən 90-cı illərdə köçüb gedən erməni və digər millətlərə mənsub olan xalqın nümayəndələrinin bir hissəsi Azərbaycan vətəndaşlığından imtina etmədilər:
“Bu gün də əmlakları alan şəxslər həmin erməni kökənli vətəndaşlar ola bilər. Bundan əlavə, müxtəlif illərdə gəlmiş, yaşamış digər xarici ölkə vətəndaşları var ki, onlar da Azərbaycan vətəndaşlığını əldə ediblər. Bu konteksdə, hər hansı Azərbaycan vətəndaşı, həmçinin, xarici ölkə vətəndaşı olan bir şəxsin Ermənistan ərazisindən daşınmaz əmlak ala bilməsi ajiotaja səbəb olmamalıdır. Bu gün hansısa bir azərbaycanlının, vətəndaşımızın Ermənistana gedib əmlak alması təbii ki, özü üçün böyük təhlükə ola bilər. Bu baxımdan, bu, real görünmür. Fikrimcə, bu tip şəxslər mütləq şəkildə erməni kökənli və ya Azərbaycanda yaşayan, vətəndaşlıq alan digər xalqların nümayəndələri ola bilər”.
Günay