“ABŞ Navalnının ölümündən istifadə edib Rusiyanın daxili işlərinə qarışır\" - Antonov

“ABŞ-nin Navalnının ölümünə reaksiyası Rusiyanın daxili işlərinə qarışmaq üçün növbəti cəhddir”.
Sfera.az xarici KİV-ə istinadən bildirir ki, bunu Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov deyib.
Səfirin sözlərinə görə, Rusiyanın daxili siyasətinə müdaxilə etmək üçün ölümü bəhanə edirlər:
"İnsan ölümü faciədir. Bu vəziyyətdə hadisənin bütün təfərrüatlarını anlamaq son dərəcə vacibdir. Lakin ABŞ siyasətçiləri gözləmək istəmirlər və artıq Rusiya hakimiyyətini günahlandırıblar. Burada alçaldıcı hücumlar üçün, ən əsası isə əlavə sanksiyaların tətbiqi üçün səbəb axtarırlar. Əsas vəzifə dağılmaqda olan “Pax Americana”nı qondarma qaydalar əsasında xilas etməkdir".
"Belə siyasət qəbuledilməzdir. Yaxşı olar ki, yerli liderlər öz ölkələrinin təcili tədbirlər tələb edən problemlərinə diqqət yetirsinlər", - Antonov qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden cümə günü rusiyalı müxalif Aleksey Navalnının həbsxanada ölümündən sonra Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları sərtləşdirə biləcəyi ilə bağlı düşündüklərini deyib.
"Biz nə baş verdiyini dəqiq bilmirik. Lakin heç bir şübhə yoxdur ki, Navalnının ölümü Putin və onun quldurlarının etdiklərinin nəticəsidir", - ABŞ prezidenti bildirib.
Xatırladaq ki, Federal Penitensiar Xidmətin Yamalo-Nenets Muxtar Vilayəti üzrə İdarəsi bildirib ki, Navalnı fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. Penitensiar qurumun məlumatına görə, Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Həkimlər dərhal gəlib, lakin onların 30 dəqiqədən çox davam edən xilasetmə cəhdləri uğursuz olub.
Yamalo-Nenets Muxtar Vilayətinin İctimai Nəzarət Komissiyası bildirib ki, Navalnı nə səhhətindən, nə də həbsxana şəraitindən şikayət edib.Regionun insan haqları üzrə müvəkkili də bunu təsdiqləyib.
Firuzə Əliyeva