CHP-də sular durulmur: Partiyanın daha iki önəmli siması İSTEFA VERDİ

Cümhuriyyət Xalq Partiyasında (CHP) istefalar bir-birini izləməkdə davam edir.
Sfera.az xəbər verir ki, bu istefalar namizədlərin seçilməsi gündəliyi ilə səlahiyyətli şura iclaslarının keçirilməsindən sonra baş verib.
Xatırladaq ki, 4 dövr CHP-dən millət vəkili və bir müddət CHP baş katibi olan Gürsel Tekin Kadıköy bələdiyyə başçılığına namizədlik üçün müraciət edib. Tekinin adı daha sonra Esenyurt bələdiyyə başqanlığı üçün çəkilib. Lakin onun heç bir rayondan namizədliyi irəli sürülməyib. Bundan sonra Gürsel Tekin istefa verdiyini açıqlayıb.
CHP-dən istefa verən digər ad isə Adana Çukurova bələdiyyə başçısı Soner Çətindir. Çukurovada yenidən namizəd göstərilməyən Çətin “CHP-ni qəsb etməyə çalışırlar. Partiya daxilində dar çərçivədə kadrların gündəmə gəldiyi, qohum-əqrəba münasibətləri ilə namizədlərin bölüşdürüldüyü bir dövr yaşadıq. Təəssüf edirəm" deyərək partiya rəhbərliyini sərt tənqid edib.
Yenidən namizədliyi irəli sürülməyən Seyhan bələdiyyə başçısı Akif Kamal Akay da CHP-dən istefa verib. Akay sosial media hesabındakı paylaşımında bu barədə məlumat verib:
“Uğurları bütün ictimaiyyət tərəfindən qəbul edilən bir başçıya tab gətirməyən, tək məqsədi ictimai qaynaqları talamaq olan idarəçilərin qeyri-etik şəkildə zəbt etdiyi CHP-dən istefa verirəm”.
Əzizə