Ana Vətən Partiyası İlham Əliyevi TƏBRİK ETDİ

Azərbaycanda 2 ay əvvəl 2023-cü ilin 7 dekabr tarixində başlanan Prezident seçkiləri ölkədə böyük siyasi aktivliyə səbəb olmaqla sakit şəraitdə, heç bir qarşıdurma və neqativ hal müşahidə edilmədən uğurla sona çatdı. Seçkini bütün proses boyu diqqətlə izləyən Ana Vətən Partiyasını səsvermə günü seçkilərdə fəal müşahidəçilik missiyasını da yerinə yetirdi. Bu proses partiyaya həm yeni təcrübə qazandırdı, həm də partiyanın gələcək seçkilərdə hansı məzmun və formada iştirakı üçün bir çox suallara aydınlıq gətirdi.
Namizədlər üçün yaradılan bərabər və geniş təbliğat imkanları onların seçicilərlə rahat ünsiyyəti üçün xüsusilə əhəmiyyətli oldu. Mərkəzi Seçki Komissiyasının təşkil etdiyi Prezident seçkiləri Azərbaycana qarşı yönələn bütün iftiralara və qarayaxmalara ən yaxşı cavab oldu.
Seçkidən bir gün əvvəl ölkə ərazisində bütün təbliğat materialları yığışdırılmış, bütövlükdə təbliğat Seçki Məcəlləsinə riayət edilməklə aparılmışdır. Seçki günü partiyamızın yüzlərlə üzvü səsəvermə prosesini yaxından müşahidə edərək, onlara təqdim edilən anket sorğularında seçki prosesinə ümumi dəyərləndirməni apardılar. Dəyərləndirmələrdə müşahidə aparılan bütün seçki məntəqələrində prosesin qanunvericiliyin tələblərinə uyğun, heç bir təzyiq və qanun pozuntusuna yol verilmədən keçirilməsi öz əksini tapdı.
Bütün məntəqədə namizədləri, müxtəlif partiyaları, vətəndaş cəmiyyəti institutlarını, koalissiyaları, beynəlxalq təşkilatları təmsil edən ən azı 10 nəfər müşahidəçi səsəverməni canlı izləmişdir. Məntəqlərdə səslərin sayılması müşahidəçilərin gözləri qarşısında həyata keçirilmiş və nəticələrlə bağlı protokollar dərhal təsdiqlənmişdir. Beynəlxalq müşahidəçilərin böyük əksəriyyəti də seçkilərin demokratik və şəffaf keçirildiyini bildirib.
Namizədlər içərisində Azərbaycana uzun illər uğurla rəhbərlik edərək, dövlətimizi gücləndirən, ölkəmizi beynəlxalq miqyasda uğurla təmsil edən Azərbaycanı ərazi bütövlüyünə və suverenliyinə qovuşduran Ali Baş Komandan İlham Əliyev xalqın böyük etimadını qazanaraq, Prezident seçilib. Ana Vətən Partiyası seçkinin nəticələrini xalqın iradəsinin ifadəsi hesab edərək, cənab İlham Əliyevi qələbə münasibətilə ürəkdən təbrik edir, xalqımıza sülh və əmin-amanlıq arzulayır. Əminik ki, Prezident İlham Əliyev xalqımızın inam və etimadını yüksək səviyyədə doğruldacaq, Azərbaycanı daha güclü dövlətə çevirəcək və ölkəmizin daha böyük uğurlar qazanmasına imza atacaqdır.