Seçkidə iştirak edən məşhurlardan AÇIQLAMA: “Qələbəlik var...” + FOTOLAR

Seçkidə iştirak edən məşhurlardan AÇIQLAMA: “Qələbəlik var...” + FOTOLAR

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb. Prezident seçkiləri ilə əlaqədar 23 mindən artıq Azərbaycan vətəndaşının səs verməsi üçün 37 ölkədəki səfirlik və konsulluqlarımızda 49 seçki məntəqəsi yaradılıb. Səsvermə saat 08:00-da başlayıb, saat 19:00-da isə başa çatacaq.

 

Sfera.az tanınmış şəxslərdən səsvermə prosesi ilə bağlı təəssüratlarını öyrənib.

 

Müsahibimiz, Xalq artisti, aktyor Nurəddin Mehdixanlı səsvermə məntəqəsinə getdiyini bildirib:

 

 

“Adi iş günlərində olduğu kimi, şəhər, küçələr çox qələbəlikdir. Adamlar seçki məntəqələrinə gedirlər. Bu gün Azərbaycanın taleyində yeni mərhələ başlayır. Xeyirli-uğurlu olsun. Təbii ki, şəxsən mənim namizədim “Şuşa sən azadsan!” deyən İlham Heydər oğlu Əliyevdir”.

 

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu sözügedən növbədənkənar prezident seçkilərini “tarixi seçki” adlandırıb:

 

 

“İlk dəfə bütöv, suveren ərazisi tam, demokratik bir Azərbaycan səs verir. Mən də xoşbəxtəm ki, bu seçki, dövrümə düşdü. Hələ səhər tezdən məmləkətimizin taleyinə səs verdim. Azərbaycan təkcə sabahdan ibarət deyil, onun dünəni, bu günü var. Əgər dünəni, bu günü yaradan olmasaydı, sabahımız da heç vaxt ola bilməz. Ona görə də səsimi verəndə həm də Azərbaycanın keçdiyi şərəfli zəfər yolunu da göz önünə gətirdim. Bu təəssüratla, düşüncə ilə öz səsimi verdim. Mənə elə gəlir ki, Azərbaycan xalqı düzgün seçim edəcək və Azərbaycanın daha işıqlı sabahına səsini verəcək. Hamını seçkilərdə aktiv olmağa çağırıram. Qeyd edim ki, neçə illərdir, Azərbaycan Dövlət Pedaqoji Universitetində yerləşən seçki məntəqəsində səsvermədə iştirak edirəm. Amma bu il Xankəndidə səs vermək kimi arzum var idi. Qismət olmadı. Gələn seçkilərdə azad, abad, sözün əsl mənasında Azərbaycan olan Xankədinə getməyi və orada səs verməyi arzulayıram”.

 

Əməkdar artist, müğənni Elza Seyidcahan xalqı Zəfər seçkisi münasibətilə təbrik edib:

 

“Əlbəttə, sevincimizin həddi-hüdudu yoxdur. Şuşamızda, Xankəndimizdə, Laçınımızda, bütöv Azərbaycanımızda əsrimizin əsil zəfər gününü yaşayırıq. Bu günləri bizə bəxş edən Allaha şükürlər olsun. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizin qarşısında baş əyirik. Şəffaf seçimimizi həmişə bizi xoşbəxt gələcəyə ilhamlandıran İlhamla başa vuracağıq”.

 

Xalq artisti, xanəndə Mənsum İbrahimov ailə üzvləri ilə birlikdə seçkilərdə iştirak etdiyini bildirib:

 

 

“Çünki bu, zəfər seçkisidir, tarixi seçkidir. Sizə deyim ki, xeyli növbədə gözləməli olduq. Çünki insan selinin ardı-arası kəsilmir, hər kəs səsvermədə iştirak etmək istəyir. Təbii ki, biz də öz seçimimizi etdik, Azərbaycanın gələcəyinə, qalib ölkənin qalib liderinə səsimizi verdik. Düşünürəm ki, bundan sonra qalib dövlətin vətəndaşları kimi xoşbəxt yaşayacağıq”.

 

Digər müsahibimiz Xalq artisti, xanəndə Gülyaz Məmmədova fikirlərini bu cür ifadə edib:

 

 

“Mən də bu gün səsvermədə iştirak etdim. Çox məmnun qaldığımı deyə bilərəm. Fikrimcə, səsvermə prosesi çox ədalətli, şəffaf davam edir”.

 

Müğənni Xuraman Şuşalı isə saytımıza açıqlamasında bunları deyib:

 

 

“Mən də günortadan sonra ailə üzvlərimlə səsvermədə iştirak edəcəm. Əlbəttə, seçimimiz bəllidir. İlk dəfədir ki, bu il bütöv Azərbaycan səs verəcək. Mən bir şuşalı xanım olaraq, xalqımı, dövlətimi sevən biri kimi düşünürəm ki, bir liderimiz var. İnanın ki, başqa namizədləri tanımıram, görməmişəm. Qalib dövlətin liderinə kiminsə rəqib olacağı ağlımın ucundan belə keçmir. Odur ki, seçimimiz bəllidir”.

 

Əməkdar artist, müğənni Rəşad İlyasov səsvermədə iştirak etdiyini vurğulayıb:

 

 

“Hər şey çox gözəl idi. Bütün Azərbaycan xalqı, türk dünyası üçün xeyirli uğurlu olsun”.

 

Günay


OXŞAR XƏBƏRLƏR