Azərbaycanda seçici sayı sürətlə artır – Son 32 ilin STATİSTİKASI

Azərbaycanda seçici sayı sürətlə artır – Son 32 ilin STATİSTİKASI

Bu gün respublikamızın müstəqilliyi tarixində Azərbaycan Prezidenti vəzifəsinə səkkizinci seçki keçirilir.Bundan öncəki seçkilər 1992-ci, 1993-cü, 1998-ci, 2003-cü, 2008-ci, 2013-cü və 2018-ci illərdə baş tutub. 


Sfera.az bildirir ki, son 32 ildə Azərbaycan əhalisinin sayı davamlı artdığından səsvermə hüququ olan şəxslərin sayında da davamlı artım baş verib. 


1992-ci ildə 7,2 milyon nəfər olan əhali sayı bu gün keçirilən seçkilər öncəsində 10,18 milyon nəfərə yüksəlib. Əhali sayının artması hər seçkidə daha çox vətəndaşımızın səsvermə hüququ əldə etməsinə imkan verib. Buna görə də keçirilən seçkilərdə səsvermə hüququ əldə edənlərin sayı əvvəlki seçkilərdən daha çox olub. 


Mərkəzi Seçki Komissiyasının məlumatlarına əsasən, səsvermə hüququ olan vətəndaşlarımızın sayı 2024-cü ilin fevralın 7-də keçirilən seçkilər öncəsi 6,478 milyon nəfərə çatıb. 2018-ci il prezident seçkilərində 5,33 milyon nəfər, 2013-cü il seçkilərində 5,215 milyon nəfər, 2008-ci il seçkilərində 4,93 milyon nəfər, 2003-cü il seçkilərində 4,63 milyon nəfər, 1998-ci il seçkilərində 4,24 milyon nəfər, 1993-cü ildə keçirilən seçkilərdə 4,065 milyon nəfər, 1992-ci il seçkilərində isə 4,06 milyon nəfər səsvermə hüququna sahib idi. 


Son 32 ildə Azərbaycan əhalisinin sayındakı artım sürəti ilə müqayisədə seçici sayında artımın daha yüksək olduğu görünür. 1992-2023-cü illərdə əhali sayı 41 faiz artdığı halda seçici sayı 60 faizə yaxın artıb. Bunun səbəbi 2000-ci ildən sonra Azərbaycan əhalisinin yaşlanmasıdır. Bu dinamika davam etdikcə ölkəmizdə seçici sayı daha da artacaq.


Vasif


OXŞAR XƏBƏRLƏR