Zelenskidən HƏYƏCAN TƏBİLİ: “Müharibə dalana dirənir” – Qərb məğlub olur? 

Zelenskidən HƏYƏCAN TƏBİLİ: “Müharibə dalana dirənir” – Qərb məğlub olur? 

Ukrayna Prezident Volodimir Zelenski İtaliyanın “Rai1” telekanalına müsahibəsində müharibənin dalana dirəndiyini deyib.

 

O, bunu tədarüklərin gecikməsi ilə izah edib:

 

“Biz dünyanın ən böyük ordularından birinə qarşı mübarizə aparırıq. Kifayət qədər silah-sursat yoxdur. Müasir texniki vasitələrə ehtiyacımız var”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov hər iki tərəfin getdikcə zəiflədiyini deyib:

 

“Əks-hücum əməliyyatlarının uğursuzluğu Qərbdə Ukraynaya dəstəklə bağlı fikir ayrılığı yaradıb. Bu, ABŞ və Aİ daxilində də hiss olunur. Qərb savaşın gedişi ilə bağlı yekdil qərar qəbul etməkdə çətinlik çəkir. Əks- hücum əməliyyatlarının uğursuzluğunun ayrı-ayrı Qərb dövlətləri və təşkilatlarının planlarına təsir etməsi mümkündür. Ukraynanın taleyi Qərbin müəyyən hissəsini, o cümlədən ABŞ-ni düşündürmür. Məqsəd öz maraqlarının təmin olunmasıdır. Rəsmi Kiyev sadəcə qurban seçilib”.

 

Müsahibimiz bildirib ki, hazırkı dəstək, sadəcə müqavimət, daha doğrusu, sağ qalmaq üçündür:

 

“Vaşinqton Kiyevin qalib gəlməsini istəsəydi, silah tədarükündə "xəsislik" etməz, F- 16 qırıcılarını çoxdan tədarük edərdi. ABŞ-dəki prezident seçkiləri və Yaxın Şərqdəki müharibə nəticəsində artıq Şərqi Avropa Ağ Ev üçün prioritet deyil. Bu isə o deməkdir ki, gələcəkdə dəstəyin daha da azaldılması mümkündür. Hərçənd ABŞ Ukraynanın məhv olmasında maraqlı deyil. Odur ki, Kiyevi tamamilə yardımsız da qoymayacaq. .Zelenski müharibənin dalana dirənməsinin əsas səbəbi kimi texnika çatışmazlığını göstərib. O, birbaşa olmasa da, dolayı yolla müttəfiqləri, o cümlədən ABŞ-ni ittiham edib. Mövcud vəziyyət barədə xəbərdarlıq etmək istəyib. Hərçənd Qərb liderləri mövcud durumu elə Zelenskinin özü qədər, bəlkə də, daha yaxşı bilirlər. Aİ-nin rəsmi nümayəndəsi Cozef Borrelin dediyi kimi, doğrudan da, indi Ukrayna tunelində işıq görünmür”.

 

Günay


OXŞAR XƏBƏRLƏR