“ABŞ ilə Çin arasında qarşıdurma güclənəcək” - Bu dövlətlər Pekini dəstəkləyir

“ABŞ ilə Çin arasında qarşıdurma güclənəcək” - Bu dövlətlər Pekini dəstəkləyir

ABŞ və Çinin Afrika və Latın Amerikası ölkələri uğrunda mübarizəsi yeni mərhələyə qədəm qoyub. Çinin xarici işlər naziri Van Yin, Afrika və Latın Amerikası ölkələrinə səfəri zamanı Pekinin bu iki bölgə ilə əməkdaşlığını genişləndirəcəyini bildirib. Çin Afrika və Latın Amerikası ölkələrindən xammal idxalını artırmağa çalışır. Pekin bununla bərabər Afrikadan sonra Latın Amerikası ölkələrində də siyasi təsir imkanlarını artırmağa başlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Elxan Şahinoğlu bildirib:

 

“Van Yi 10 günlük səfərinə Misirdən başlayıb. Bundan sonra Van Yi Tunis, Toqo, Kot-divuar, Braziliya, Peru və Yamaykada olub. Çinin bu ölkələrin hər biri ilə iqtisadi layihələri var. Çin bu siyasəti ilə Afrika və Latın Amerikasında ABŞ-nin mövqelərini zəiflətməyə çalışır. Çinin “bir kəmər, bir yol” layihəsi bütün qiymətləri əhatə etməyə başlayıb. Bunun nəticəsində Çinlə əməkdaşlıq edən dövlətlər Tayvan məsələsində Pekinin mövqeyini dəstəkləyirlər. Yəni, Çin müxtəlif dövlətlərə yatırımlarıyla həmin dövlətləri Çinin maraqlarını nəzərə almağa sövq edir. Dünyada 12 dövlətin Tayvanla diplomatik münasibətləri mövcuddur”.

 

Politoloq diqqətə çatdırıb ki, Çin, Vaşinqtonun “Monro doktrinasıyla” hesablaşmır.

 

“Bu doktrinaya görə, Rusiya və Çin kimi dövlətlər Şimali və Cənubi Amerikada siyasi və iqtisadi fəallıq göstərməməlidirlər. Vaşinqton Moskva və Pekini bu bölgədən uzaq saxlamalıdır. Çinin “COSCO” gəmi daşıma şirkəti Cənubi Amerikada mövqelərini gücləndirib. ABŞ mövcud durumu dəyişmək üçün fəallığını artırmasa, Cənubi və Mərkəzi Amerika ölkələri Çinlə əməkdaşlıqlarını daha üst səviyyəyə qaldıracaqlar. Bu isə bölgədə ABŞ ilə Çin arasında qarşıdurmanı gücləndirəcək. Vaşinqton Çini Cənubi Amerikadan sıxışdırmaq üçün müxtəlif üsullardan istifadə edəcək. Vaşinqton bu ölkələrdə sağ partiyaların qələbəsini təmin etməyə çalışacaq. Sağ və mühafizəkar partiyalar adətən kommunist Çinlə əməkdaşlığın əleyhinədirlər. Misal üçün Argentinanın yeni prezidenti Xavyer Miley ölkəsinin BRİKS təşkilatına üzv olmayacağını açıqlayıb. Halbuki, ondan əvvəlki prezident fərqli açıqlama verib. Argentina ağır iqtisadi vəziyyətdə olsa da, bu ölkənin prezidenti Çinlə yaxınlaşmadan ehtiyat edir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR