Ermənistan KTMT-dən çıxır? – MÜHÜM AÇIQLAMA
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi bu gün gündəmdə deyil.
Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin KTMT məsələləri ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilev “RİA Novosti”yə müsahibəsində bildirib.
"KTMT Kollektiv Təhlükəsizlik Şurasının Ermənistan tərəfinin iştirak etmədiyi sessiyası zamanı qəbul olunmuş sənədlər hazırda İrəvanda müzakirə olunur. Həmin sənədlərin bəzilərinə gəlincə, Ermənistan tərəfinin razılaşması var və belə nəticəyə gəlmək olar ki, Ermənistanın qurumdan çıxmasından söhbət gedə bilməz”, - Vasilev bildirib.
İrəvanın KTMT tədbirlərində iştirak etməməsi ilə bağlı sualı cavablandıran diplomat qeyd edib ki, bu, təzyiq altında olsa da, Ermənistan rəhbərliyinin seçimidir.
“Bir çox cəhətdən bu vəziyyət Qərb ölkələrinin təzyiqinin, Ermənistan rəhbərliyi və sakinlərinin başa düşülən emosiyalarının nəticəsidir”,- o qeyd edib. Vasilev vurğulayıb ki, İrəvanın təhlükəsizliyi, hərbi-texniki sahədə KTMT çərçivəsində əməkdaşlıq olmadan mümkün deyil.
“Rusiya Qərbin Ermənistandakı vəziyyətdən faydalanaraq regionda vəziyyəti gərginləşdirmək üçün istifadə etmək cəhdlərini görür və bu barədə İrəvanı məlumatlandırır”, o əlavə edib.
Əzizə Zeynal