Azərbaycan Avropa ilə bağlı öz qərarını verəcək - Arzu Nağıyev

"Bu, çox qərəzli bir mövqedir və bu qərəzli mövqedə AŞPA bir neçə məqamı qabartmağa çalışıb".
Sfera.az xəbər verir ki, bunu hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib:
“Almaniyadan olan deputat Azərbaycanda insan hüquqları, siyasi həbslər, siyasi məhbuslarla bağlı məsələləri qabardaraq gündəmə gətirib. Eyni zamanda, bir sıra cəfəng məsələləri dilə gətirərək öz qərəzini gizlətməyib. Azərbaycanda guya insan hüquqlarının pozulması, qondarma qurumun, separatçıların guya etnik təmizlənməyə məruz qalması, Azərbaycanın niyə onları seçkilərə dəvət etməməsi və sair bu və ya digər məsələləri qabartmaqla yenə də ikili standartı ortaya qoyublar. Təəssüf doğuran məsələ də odur ki, təmsil olunan deputatlardan 76-sı lehinə 10-u əleyhinə, 4-ü də bitərəf qalıb. Bunlar müxtəlif dövlətləri təmsil edən deputatlardır. Ayrı-ayrılıqda həmin dövlətlərlə Azərbaycanın normal münasibətləri var. Burada artıq konkret olaraq söhbət siyasətdən, qərəzdən, Azərbaycana qarşı olan qərəzli mövqedən gedir. Vaxtilə Azərbaycan ərazisindən terror dəstələrinin çıxarılması kimi məsələlər ortaya çıxanda bunlar susurdular. Avropanın, həmin o dövlətlərin çoxunun Azərbaycanda siyasi, iqtisadi, hətta deyərdim mənəvi hərbi maraqları vardı. Onlar qondarma soyqırımla, qondarma separatizmlə, bütün proseslərdən istifadə edərək ciddi vəsaitlər qazanmaqla məşğul idilər. Bundan başqa müxtəlif qeyri-hökumət təşkilatları daim bu məsələləri müxtəlif tribunalarda qabartmaqla bundan vəsait qazanırdılar. İqtisadi məsələlərdə həmin o dövlətlərin şirkətləri işğal olunmuş ərazilərdə bütün yeraltı və yerüstü sərvətlərimizin talanması ilə məşğul olub ondan qazanırdılar. Bu gün artıq onlar yoxdur. Onları bu gün narahat edən Azərbaycanın öz problemlərini müstəqil olaraq həll etməsidir. Azərbaycan öz ərazi bütövlüyünü bunlarla məsləhətləşmədən tam şəkildə həll etdi. Artıq müstəqil ölkə olaraq daxili və xarici siyasətimiz var. Anti-terror əməliyyatından sonra demək olar ki, atəşkəsə nail olduq. Hər iki tərəfdə tam şəkildə itki yoxdur”.
A.Nağıyev qeyd edib ki, Azərbaycana qarşı qərəzini gizlətməyən dövlətlər Ermənistanla Azərbaycan arasında daim münaqişə, müharibə olmasını istəyirlər:
“Buna görə də Ermənistanı silahlandırırlar. Bunların qərəzli mövqeyi budur. Təbii ki, bundar sonra Azərbaycan Avropa ilə bağlı öz qərarını verəcək. Əgər Avropa dövlətləri bizi enerji təhlükəsizliyinə təhdidin qarşısını alan bir dövlət kimi qəbul edirsə, bunu da düşünməlidirlər. Yəni Azərbaycan da adekvat olaraq həmin o dövlətlərə qarşı öz fikrini bildirib, öz siyasətini yürüdəcək”.