Cəbrayıllılar doğma yurdlarına nə vaxt köçəcək? – AÇIQLAMA

"Bir neçə gündür Cəbrayıl şəhərinin layihəsi ilə bağlı dəqiq məlumatı olmayan şəxslər müxtəlif mülahizələr yürüdür, əsassız şərhlər yazırlar. Hazırkı həssas məqamda bu dedi-qodulara inanmaq düzgün deyil. Digər işğaldan azad olunmuş rayonlarda olduğu kimi, Cəbrayılda da böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Layihə beynəlxalq mütəxəssislər tərəfindən hazırlanıb və ölkə rəhbərliyi səviyyəsində dəfələrlə müzakirə olunub. Bütün detallar diqqətlə nəzərə alınıb."
Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bilirib.
Onun sözlərinə görə, hazırda Cəbrayılda 33 yaşayış binası tikilir:
“Bu binalarda 712 mənzil olacaq. Həmin yaşayış binalarında 252 keçmiş məcburi köçkünün məskunlaşdırılması planlaşdırılıb. Hazırda işlər sürətlə həyata keçirilir. Digər rayonlarımızla bərabər, Cəbrayıla da köçün ən qısa zamanda həyata keçirilməsi üçün dövlət qurumları lazımı tədbirləri icra edirlər. Bu, onu deməyə əsas verir ki, yaxın günlərdə Cəbrayıllılar da öz doğma yurdlarına geri dönəcəklər. İşğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər Prezident İlham Əliyevin güclü iradəsinin və dövlətimizin prinsipial mövqeyinin göstəricisidir”.
Ülkər Abdurahmanlı