Trampın “ayaq səsləri” eşidilir - Praymerizdə qalib oldu
ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Nyu-Hempşir ştatında keçirilən ilkin seçkilərdə rəqibi Nikki Heyliyə qalib gələrək Respublikaçılar Partiyasının namizədi olmağa bir addım da yaxınlaşıb.
Sfera.az xəbər verir ki, praymerizdə (ilkin səsvermə-red.) qələbəsini Trampın özü elan edib. Səslərin təxminən 50 faizini alan Tramp rəqibini 9,6 faiz üstələyib.
Nəticələr açıqlandıqdan sonra verdiyi açıqlamada Tramp “Qalib gəlməsək, məncə, ölkəmizin sonu olacaq” deyib.
Keçmiş prezident fevralın 24-də Cənubi Karolinada keçiriləcək praymerizdə də asan qələbə qazanacağını proqnozlaşdırıb.
“RealClearPolitics” sorğusunun nəticələrinə görə, hazırda Tramp Cənubi Karolina ştatında rəqibini təxminən 30 faiz qabaqlayır.
Qeyd edək ki, Tramp kampaniyasında əsasən Rusiya-Ukrayna müharibəsinin yaratdığı təhlükəni qabardır. Keçmiş prezident iddia edir ki, proseslərin qarşısı alınmasa, dünya yeni qlobal müharibəni yaşayacaq.
Aparılan ilkin rəy sorğuları göstərir ki, Trampın təbliğatı uğurludur və onun yenidən prezident seçilmək şansı Co Baydendən az deyil.
Vasif