“Fevralın 7-də keçiriləcək seçkilər Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoyacaq”

“Fevralın 7-də keçiriləcək prezident seçkiləri Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoyacaq”.
Sfera.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan dünyada mürəkkəb proseslərin baş verdiyi, qlobal miqyasda ziddiyyətlərin dərinləşdiyi bir dövrdə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə müvəffəq olub. Deputatın fikrincə, bu fakt ölkəmizin son illərdə əldə etdiyi zəfərlərin tarixi və geosiyasi əhəmiyyətinin nə qədər yüksək olduğunu bir daha təsdiqləyir.
S.Məmmədov vurğulayıb ki, yeni dövrdə Azərbaycanın qarşısında yeni vəzifələr dayanır: “Azərbaycan 30 illik işğala son qoymaqla Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Bu reallıqlar həm də yeni vəzifələrin meydana çıxmasını şərtləndirir. Azərbaycan indi beynəlxalq münasibətlər sistemində Vətən müharibəsindən əvvəlki dövrlə müqayisədə daha çox təsir imkanlarına malikdir. Bu təsir imkanlarının dairəsi isə genişlənməkdədir”.
Deputat qeyd edib ki, seçkilərin ilk dəfə bütün ölkə ərazisini əhatə etməsi onun siyasi əhəmiyyətini artıran, indiyə qədər keçirilmiş seçkilərdən fərqləndirən əsas amillərdən biridir:
“Hesab edirəm ki, fevral ayında keçiriləcək prezident seçkiləri Azərbaycan xalqının tarixində yeni bir mərhələnin başlanğıcı olacaq. Biz böyük bir tarixi missiyanı - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası məsələsini həll etdik. İndi isə qarşıda yeni ideoloji hədəflər olmalıdır. Çünki istənilən cəmiyyətin inkişafı üçün ideoloji hədəflərin olması çox mühüm şərtdir”.
O, əmin olduğunu bildirib ki, prezident seçkiləri Azərbaycanın sürətli inkişafına və dünya miqyasında mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcək.