Bakıda sexdə yanğın nəticəsində ölənlərin sayı 7-yə çatdı - YENİLƏNDİ

Dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin cəsədi tapılıb.
Sfera.az xəbər verir ki, hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
17:29
Bakının Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.
Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
***
17:17
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini, Kriminalstika şöbəsinin rəisi Orxan Rzayev deyib.
Onun sözlərinə görə, dağıntılar altından 5 nəfərin meyiti çıxarılıb.
Qeyd olunub ki, daxil olmuş məlumat əsasında Baş Prokurorluğun əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunublar. Aparılan ilkin təxirəsalınmaz tədbirlər nəticəsində yanğının məhdudlaşdırılması mümkün olub. İlkin məlumata əsasən, baş vermiş partlayış nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin aparılmış axtarış-xilasetmə işləri nəticəsində 5 nəfərin meyiti hadisə yerində aşkar olunub.
Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.3 və 314.3-cü maddələri ilə cinayət işi başlanılıb.
Qeyd olunub ki, Baş Prokurorluğun, həmçinin Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb. İbtidai istintaqın aparılması Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinə həvalə edilib. Hadisənin baş vermə səbəbləri, dəymiş ziyanın miqdarı, həmçinin diigər əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə müvafiq ekspedisiyalar təyin olunub. Hazırda cinayət işi üzrə ibtidai istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Hazırda həyatını itirən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır. Əlavə məlumat veriləcək.
***
15:40
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın tam söndürülüb.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
***
15:07
Bakıda mebel sexindəki partlayışda 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.
Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.
Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub.
Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.
Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.
Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İctimaiyyətin mütəmadi məlumatlandırılması təmin ediləcək.





