"Yaxın Şərq məsələsi Ukraynanı kölgədə qoyub, Zelenskiyə qarşı hərbi çevriliş... - AÇIQLAMA

Bir müddətdir Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı müxtəlif iddialar yayılır. Bunlardan biri də hərbi çevrilişlə bağlıdır. Xarici ekspertlər ehtimal edir ki, Ukrayna ordusu ilə ölkə başçısı arasında münaqişə mümkündür. Düşünülür ki, ölkədə vəziyyət yaxşılaşmasa, yanvar-fevral aylarında hərbi çevriliş baş verə, Ukrayna ölkə daxilində dərin parçalanmaya məruz qala bilər. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov xatırladıb ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Zelenskinin ölkədən qaçacağı və ya hansısa Rusiyaya meyilli qüvvələrin ölkə daxilində hakimiyyət çevrilişi edəcəyi ehtimalları var idi:

 

“Hətta Ukrayna ərazisində Rusiyaya casusluq edən qüvvələr də kifayət qədər çox idi. Prosesi diqqətlə izləyənlər də bilir ki, damların üzərinə Rusiya simvolu qeyd olunurdu - burada Moskvanın hücuma keçəcəyi məntəqələrlə bağlı çox nizamlı və ətraflı iş gördüyü üzə çıxmışdı. Buna baxmayaraq, tez bir zamanda ölkə toparlandı, Zelenski ölkəni tərk etmədi, casuslar ifşa edildi,  ictimai iştirak gücləndi və.s. Bu minvalla Ukrayna öz torpaqlarını qorudu, xalqın müdafiə ruhu artdı və bu da orduya motivasiya verdi, Qərbin Kiyevə dəstəyi ilə nəticələndi. İndi isə Ukraynaya Qərbin yardımlarının azaldılmasına dair fikirlər, ABŞ-nin prezident seçkilərinin ilin sonunda keçirilməsi, eləcə də qlobal geopolitik faktorlar Ukrayna mövzusunu arxa plana atır”.

 

Müsahibimiz bildirib ki, hazırda Yaxın Şərq mövzusu prioritetdir:

 

“Hətta Yəmənə edilən hücum da müharibədə yeni səhifəni formalaşdırır, eskalasiya ocağı əmələ gətirir.  Kiyevin vaxtında əks-hücum əməliyyatı ilə Donbas bölgəsini, hətta Krımı azad etməsi yaxşı olardı. Lakin bu mümkün olmadı. Yeni müharibə ocaqlarının formalaşması həm də Qərbi bir sıra cəbhələrdə vuruşmağa vadar edir. Xüsusilə İsrail ABŞ üçün həyati əhəmiyyətli bir bölgədir.  Baş verənlər fonunda Qərbin Ukraynaya verdiyi siyasi, hərbi, iqtisadi dəstəyə görə narahat olan Zelenskinin başını “qara duman”ın aldığı istiqamətində ehtimallar güclənir.  Fikrimcə, Ukrayna liderini əvəz edən qüvvənin Rusiyaya meylli olması ehtimalı olarsa, bu, Moskvanın mütləq qələbəsi və Qərbin məğlubiyyəti anlamına gələ bilər. Ona görə də hərbi çevriliş barədə ssenari baş tutarsa, Rusiya postsovet məkanında daha da güclənəcək. Amma Qərb buna razıdırmı? Və ya Qərb ona inanan, güvənən dövlətlərə bundan sonra hansı dəstəyi verəcək? Bax bu, ritotik suallardır”.

 

Günay
 


OXŞAR XƏBƏRLƏR