Son zamanlar aktivləşən husilər kimdir və hansı dövlət tərəfindən idarə olunur? - TƏHLİL

Son zamanlar aktivləşən husilər kimdir və hansı dövlət tərəfindən idarə olunur? - TƏHLİL

ABŞ və Böyük Britaniya Qırmızı dənizdə ticarət gəmilərinə hücumları əsas gətirərək dənizdən və havadan Yəməndə azı 12 husi hədəfini vurub. 

 

Bəs husilər kimdirlər, Yəməndə hansı ərazilərə nəzarət edirlər və hansı böyük dövlətlər tərəfindən dəstəklənirlər?


Sfera.az bu barədə materialı təqdim edir:


Yəmənin böyük hissələrinə nəzarət edən husilər noyabr ayından Qırmızı dəniz və Ədən körfəzi ətrafında ticarət gəmilərinə hücum edirlər. Onlar bu həmlələrini İsrailin Qəzzaya hücumlarına cavab kimi və HƏMAS-la həmrəyliyin ifadəsi kimi qələmə verirlər. Lakin praktika İsraillə heç bir əlaqəsi olmayan gəmilərin də hədəfə alındığını göstərir. Noyabrın 19-dan bəri husilər 26 gəmini hədəf alıblar. Qurudan və dənizdən edilən hücumlarla bağlı Qırmızı dənizdə gəmi ticarəti ciddi şəkildə pozulub. Qlobal dəniz ticarətinin təxminən 15 faizi Süveyş kanalı vasitəsilə Avropanı Asiya ilə birləşdirən Qırmızı dənizdən keçir. Hücumlar səbəbilə neft qiymətlərinin artacağı və tədarük zəncirinin zədələnəcəyi qorxusu var. Ticarət gəmilərinin 20 faizi hazırda Qırmızı dənizdən deyil, Afrikanın cənubundan keçərək daha uzun yolla daşınma edirlər.Bölgədə ABŞ-nin rəhbərlik etdiyi koalisiya bir müddətdir ki, dənizdəki gəmilərə qarşı təhdidləri dəf edir. Lakin ilk dəfə olaraq yanvarın 12-də səhər saatlarında husilərin hədəfləri vurulmağa başlanıb.

 

Husilər kimdirlər və məqsədləri nələrdir?

 

Husilər Yəməndə şiə məzhəbinin Zeydi qoluna məxsus silahlı qrupdur. Qrup 1990-cı illərdə korrupsiyaya qurşandığı bildirilən o vaxtkı prezident Əli Abdullah Saleh rejiminə qarşı mübarizə aparmaq üçün yaradılıb. Onlar öz adlarını hərəkatın qurucusu Hüseyn əl-Husidən götürüblər və öz silahlı qruplaşmalarını "Ənsarullah" adlandırırlar. 2003-cü ildə ABŞ-nin İraqı işğalından sonra husilər "Allahu Əkbər. ABŞ-a ölüm. İsrailə ölüm. Yəhudilərə lənət, Qələbə İslamındır" şüarını qəbul ediblər.

 

Husilər Yəmənin əsas hissələrini necə ələ keçirdilər?

 

Husilər 2014-cü ilin əvvəlində Əli Abdullah Salehin xələfi, prezident Əbdu Rabu Mansur Hadiyə qarşı qiyam qaldıraraq Yəməndə böyük siyasi güc əldə etdilər. Onların məqsədi Əli Abdullah Salehlə sövdələşib, onu yenidən hakimiyyətə gətirmək idi. 2015-ci ilin əvvəlində onlar ölkənin şimalındakı Səada bölgəsini ələ keçirərək paytaxt Sənaya çatdılar və M. Hadini ölkədən qaçmağa məcbur etdilər.


Əbdu Rabu Mansur Hadinin müraciətindən sonra Səudiyyə Ərəbistanı Yəmənə hərbi müdaxilə edərək husiləri hakimiyyətdən uzaqlaşdırmağa və onların yerinə M. Hadini gətirməyə çalışdı. Yəmənə bu müdaxiləni Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də dəstəklədi. Husilər bu hücumları dəf etdilər və ölkənin böyük bir hissəsini nəzarətdə saxlamağa davam etdilər. Onlar 2017-ci ildə tərəfini dəyişərək Səudiyyə Ərəbistanına qatılmağa cəhd edən Əli Abdullah Salehi öldürdülər.

 

Husilərin dəstəkçiləri kimlərdir?

 

Husilər Livanda fəaliyyət göstərən şiə silahlı qruplaşması “Hizbullah”ın nümunəsi əsasında təşkil olunub. ABŞ-nin Terrorla Mübarizə Mərkəzinin Tədqiqat İnstitutunun məlumatına görə, "Hizbullah" "Ənsarullah"a 2014-cü ildən bəri intensiv hərbi təcrübə və təlim dəstəyi verir. Səudiyyə Ərəbistanı ortaq düşmən olduğu üçün husilər İranı müttəfiq kimi görürlər. İran zaman-zaman "Ənsarullah" təşkilatına silah dəstəyi verməkdə ittiham olunur.


İran husi üsyançılarına silah dəstəyi verməkdə şübhəli bilinir.


ABŞ və Səudiyyə Ərəbistanı husilər tərəfindən 2017-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada atılan və havada zərərsizləşdirilən ballistik raketlərin İrandan gəldiyini bildirirlər. Səudiyyə Ərəbistanı həmçinin iddia edir ki, İran 2019-cu ildə husilərə Səudiyyə Ərəbistanının neft obyektlərinə qarşı hücumlarda istifadə olunmuş idarə olunan raketləri və pilotsuz uçuş aparatlarını verib.


Husilər Səudiyyə Ərəbistanına on minlərlə qısamənzilli raketlər atıb və BƏƏ-yə hücumlar təşkil edib. "Ənsarullah" təşkilatının silahla təmin olunması BMT-nin silah embarqosunun pozulması deməkdir. İran isə öz növbəsində bu iddiaları rədd edir.

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR