“Putin nə qədər çalışsa da, MDB dağılacaq” - Politolq

“Putin nə qədər çalışsa da, MDB dağılacaq” - Politolq

“Moskvanın təşkil etdiyi budəfəki MDB toplantısı Qərbə mesaj xarakterlidir”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi sammitindən danışarkən deyib:

 

“Hazırda Rusiya Ukraynada təşəbbüsü müəyyən dərəcədə ələ alıb. Buna səbəb Ukrayna müharibəsində Qərbdə fikir ayrılıqlarının yaranması, ABŞ-dən olan hərbi yardımın azalması olub. Həmçinin Rusiya ərəb ölkələri ilə əlaqələri yeni mərhələyə keçirib. Bir qədər mövqeyini gücləndirən Putin bu sammitdə arxayın çıxış edəcək. Təbii ki, o, MDB məkanında ABŞ və Avropa İttifaqının geosiyasi mövqelərini gücləndirməsindən narahatdır. Bu baxımdan düşünürəm ki, burada Ukrayna müharibəsi, Ermənistan və Mərkəzi Asiyada ABŞ və Avropa İttifaqının geosiyasi mövqelərini gücləndirməsi barədə müzakirələr aparılacaq”.

 

Müsahibimiz bildirib ki, Rusiya MDB-ni əlində qalxan etsə də, apardığı qeyri-konstruktiv siyasətinə görə təşkilat parçalanır:

 

“Demək olar ki, Gürcüstan və Ukrayna təşkilatdan çıxıb. Moldova və Ermənistan da bu təşkilatdan çıxmaq istiqamətində bəyanatlar verir. Putin nə qədər MDB toplantılarını keçirsə də, təşkilat hər il zəifləyir. Fikrimcə, Rusiya Ukraynada məğlub olarsa, MDB öz mövcudluğuna son qoyacaq”.

 

Qeyd edək ki, MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi sammiti dekabrın 26-da Sankt-Peterburqda keçiriləcək.

 

Günay


OXŞAR XƏBƏRLƏR