Digər ərəb ölkələri də müharibəyə qoşulacaq? – “ABŞ İsrailin əli ilə...”

Digər ərəb ölkələri də müharibəyə qoşulacaq? – “ABŞ İsrailin əli ilə...”

ABŞ-nin Müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə səfəri zamanı Qırmızı dənizdə husi üsyançılarının təhdidlərinə qarşı əməliyyat planlarını açıqlamaq niyyətindədir. Bu barədə "The War Zone" Pentaqonun nümayəndəsinə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, əməliyyat “Prosperity Guardian” adlanacaq. Ümumiyyətlə, HƏMAS-ın dəstəklədiyi husilər İsrailin mövqelərinə hücum edir və yəhidi dövləti ilə əlaqəsi olan gəmilərə qarşı əməliyyatlar keçirəcəklərini bildirirlər. Elə bu cür bəyanatlardan sonra Qırmızı dənizdə bir neçə ticarət gəmisi hücuma məruz qalıb.

 

Yaxın Şərqdə baş verən hadisələr nə ilə nəticələnəcək?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Yaxın Şərqdəki proseslərdə Vaşinqtonun konkret məqsədləri var və hədəfin nə olduğu bəlli olmasa da, konkret nəticələr gözlənilir:

 

“ABŞ, İran, Rusiya, Türkiyə kimi güclərin hər birinin bölgə ilə bağlı öz maraqları var. Bu isə sülh ehtimalını azaltmaqla yanaşı, daha ciddi eskalasiyaya şərait yaradır. İstisna deyil ki, Qərb dünyası, xüsusilə ABŞ bütünlüklə ərəb dünyasına qarşı mübarizəyə başlayıb. Bölgədəki müharibənin yaxın vaxtda başa çatacağı gözlənilmir. Əksinə, yəqin ki, savaşın miqyası daha da genişlənəcək, iştirakçıların sayı artacaq. Nəzərə almaq lazımdır ki, Livan birbaşa olmasa da, artıq müharibəyə qoşulub”.

 

Müsahibimiz deyib ki, gələcəkdə digər ərəb dövlətlərinin də müharibəyə qoşulması istisna deyil:

 

“ABŞ rəsmilərinin İsrailə müntəzəm səfərləri bu dövlətin proseslərdə birbaşa maraqlı olduğunu göstərir. Rəsmi Vaşinqton hələ ki, pərdəarxasında rolunu oynamağa davam edir. Amma gələcəkdə oyuna birbaşa qoşulması və bunun İsrailə maliyyə və hərbi yardım formasında baş verməsi mümkündür. ABŞ İsrailə dəstək verəcək və bunun əvəzində İsrail ərəb dünyası ilə müharibə aparacaq. İddia edildiyi kimi, husilərin bu və ya digər formada müharibəyə qoşulması mümkündür. Bu isə perspektivdə digər ərəb dövlətlərinin də savaşa qoşulmasına təkan ola bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR