“Sea Breeze”dəki davanın əsas iştirakçısı niyə məhkəməyə gəlmir? - VİDEO

Məmmədovun dostu Cavad Muradovun təşəbbüsü ilə tərəflər görüşüb, barışıblar. Buna baxmayaraq, baş vermiş hadisəyə görə cinayət işi başlanıb, döyülən Elmir İsmayılov və dostları həbsə alınıblar. Elnur Məmmədov barəsində cinayət işi başlansa da, o istintaq tərəfindən zərərçəkən kimi tanınıb. Onun dostu Cavad Muradov hazırda məhkəmədə araşdırma predmeti olan ilk iş üzrə zərərçəkən, araşdırılması gözlənilən iş üzrə isə təqsirləndirilən şəxsdir. Bu səbəbdən də o da həbsdədir.
Fotoda: Cavad Muradov
Elnur Məmmədov hazırda azadlıqdadır, onun təqsirləndirilən şəxs olduğu iş isə 6 aya yaxındır ki, araşdırılır. O, zərərçəkən kimi tanındığı iş üzrə məhkəmə prosesinə cəmi 1 dəfə, qardaşına məxsus “TT Fight Club”da məşq edən 15 nəfərə yaxın idmançının əhatəsində gəlib. Sonrakı proseslərə isə qatılmayıb.
Təqsirləndirilən şəxslərin vəkilləri vəsatət verərək Elnur Məmmədovun prosesdə iştirakının təmin edilməsini istəyiblər. Deyiblər ki, Elnur Məmmədova çoxsaylı sualları var. Hakim Elnur Məmmədovun prosesdə iştirakını təmin ediləcəyini elan etsə də, hələ ki, onun məhkəmədə iştirakı təmin edilməyib.
Elnur Məmmədovun məhkəməyə bunca saymazyana münasibətinin atasının əlaqələrindən qaynaqlandığı iddia olunur. Elnur Məmmədov oliqarx Leysan Məmmədovun oğludur.
Fotoda: Leysan Məmmədov
Onun atası ötən ilin aprelinə qədər Binəqədi İcra Hakimiyyəti başçısının müavini olub. Mətbuatda Leysan Məmmədovun müxtəlif vəzifələrdə çalışdığı dövrlə bağlı məlumatlar var. O, mətbuatda həm də dövlət büdcəsi hesabına tikilən idman komplekslərinin tikintisinə nəzarət edən “kölgə” adam kimi təqdim olunur. Oliqarxa çevrilməsinin də məhz bu dövrə - dövlət hesabına inşa edilən obyektlərin tikintisi dövrünə təsadüf etdiyi vurğulanır.
Leysan Məmmədovun “Sea Breeze”dəki davanın əsas fiqurantı olan oğlu Elnur Məmmədova gəldikdə isə, o, hazırda Vergilər Xidmətinin inspektoru vəzifəsini daşıyır. Soyadı fərqli olan digər oğlu isə prokurorluq orqanında çalışır.
Hazırda bu qalmaqallı iş üzrə 1 məhkəmə araşdırması davam edir. Elnur Məmmədovun dostu Cavad Muradovun təqsirləndirilən olduğu cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə baş tutacaq.
Elnur Məmmədovun barəsindəki cinayət dosyesi isə hələ ki, məhkəməyə göndərilməyib.
Hadisə anını əks etdirən görüntüləri təqdim edirik: