“Qərb Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa çalışır” - Açıqlama

“Qərb Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa çalışır” - Açıqlama

Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti və Avropa Komissiyasının nümayəndələri noyabrın 27-29-da Ermənistana gələcəklər.

 

Maraqlıdır ki, səfər çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Avropa İnvestisiya Bankının (AİB) və Avropa İttifaqının xarici sərhəd təhlükəsizliyi agentliyi olan "Frontex"in nümayəndələri də onlara qoşulacaqlar.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, sözügedən proses Qərbin Ermənistanla bağlı ciddi planlardan xəbər verir:

 

“Burada əsas məqsəd Rusiyanı Ermənistandan çıxarmaqdır. Amma bu, tərəflər üçün heç də asan olmayacaq. Çünki Rusiya siyasi anlamda Ermənistana nə qədər sirayət edibsə, iqtisadi anlamda bu 10 dəfə dərindir. 2022-ci ildə fiziki şəxslərin Rusiyadan Ermənistana yalnız bank sistemi vasitəsilə pul köçürmələri təxminən 3,6 milyard dollar təşkil edib. Elə bu pul Ermənistanın illik ÜDM-nin 20%-nə bərabərdir.  Həmçinin, Rusiya ilə ticarət dövriyyəsi də 80% artıb. Ermənistan Rusiyaya olan sanksiyalara görə ora öz məhsullarını deyil, başqa ölkələrdən idxal etdiyi məhsulları da göndərir”.

 

Ekspert qeyd edib ki, Ermənistana birbaşa xarici investisiyaların təxminən 70%-i Rusiya kapitalıdır:

 

“Əsas strateji infrastruktur olan qaz və elektrik şəbəkələri Rusiya kapitalı sayəsində işləyir. Moskva həm də xarici ticarət göstəricilərinə görə birinci tərəfdaşdır. İrəvanın turizm sektorunu ayaqda saxlayan əsas ölkə Rusiyadır. Atom elektrik stansiyasının istismarı Rusiyanın “RosAtom” şirkəti ilə dövlətlərarası müqavilə əsasında həyata keçirilir. Bütün bunlar nəzərə alınarsa, Rusiyanı Ermənistandan çıxarmaq ağrılı və qanlı olacaq. Amma gec ya tez Qərb onu dartıb çıxaracaq. Bundan sonra Ermənistan iqtisadiyyatının yeni dövrü başlayacaq. Biz məhz o dövrə hazır olmalıyıq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR